ƏYYUB (әr. أيّوب), İ o v (ivritcә אִיּוֹב; yun.’Ιώβ; lat. Iob) – peyğәmbәr. Onun haqqında әsas mәnbә Əhdi-әtiqdәki “Əyyub kitabı”dır. Kitabın әvvәl (proloq – 1–2-ci hissәlәr) vә son hissәlәri (epiloq – 42-ci hissә) nәsrlә, qalan hissәlәri (3–41) isә ritmik poetik üslubdadır. Proloqda Uz diyarından olan Ə. Allaha itaәt edәn, kamil vә doğru insan kimi göstәrilir. O, Allahın izni ilә şeytan tәrәfindәn sınağa çәkilir (Əyyub 1:6). Belә ki, şeytan Allaha Ə.-un ona tamah mәqsәdilә ibadәt etdiyini deyir (1:9– 10). Allah Ə.-un canından başqa hәr şeyini şeytanın ixtiyarına verir. Ə.-un var-dövlәti vә 10 övladı mәhv olur, özü isә ağır xәstәliyә tutulur (1:13–2:10). Kitabın poetik hissәsindә Ə.-un öz vәziyyәtini dostları ilә müzakirәsi vә Allahın ona cavabı tәsvir olunur. Ə. taleyindәn şikayәtlәnir, dostlarını onun dәrdinә az can yandırmaqda günahlandırır (6:14–30, 16:1–5), günahsızlığını sübut etmәyә çalışır (23, 27 vә 31-ci hissәlәr), Allahla özü arasında hökm çıxarılmasını arzulayır (9:29–35, 16:21–22). Epiloqda Allahın Ə.-u qatlaşdığı iztirablara görә mükafatlandırması vә dostlarını onun haqqında dediklәri fikrә görә mәzәmmәt etmәsi (42:10–17) әksini tapır. Bibliyanın digәr kitablarında (Yezekel 14:14, Yaqubun mәktubu 5:11) vә “Pavelin Apokalipsisi” apokrifik kitabında da Ə.-un adına rast gәlinir. Yunan dilindә yazılmış apokrifik “Əyyubun vәsiyyәti” kitabı da var.
Quranda Ə.-un adı 4 dәfә çәkilir (4:63, 6:84, 21:83, 38:41). Burada Ə.-un dua edib Allahdan şәfa dilәmәsi, Allahın ona övladlarını qaytarması vә saylarını iki dәfә artırması tәsvir edilir (21:83–84, 38:41–43), Ə.-un әhdinә vәfalı, sәbirli vә itaәtkar olması alqışlanır (38:44). “Qisәs әl-әnbiya” kitablarında vә tәfsirlәrdә Ə.-un hәyat hekayәsinin hәdislәr vә rәvayәtlәr әsasında geniş tәsviri var. Ə.-un sәbri Şәrq (o cümlәdәn Azәrb.) әdәbiyyatında, xüsusilә sufi mәtnlәrindә geniş vәsf olunmuş, İbn Ərәbi “Füsus әl-hikәm” әsәrinin bir fәslini Ə.-a hәsr etmişdir.