ƏYYUBİLƏR – Yaxın Şәrq, Misir, Hicaz, Yәmәn vә Şimali Afrikada 1171–1462 illәrdә hakimiyyәtdә olmuş sülalә vә eyniadlı sultanlıq. Əsasını Misirdә Fatimilәrin süqutundan sonra Sәlahәddin qoymuşdur. Sәlahәddinin atası Əyyub ibn Şazinin adı ilә adlandırılmış sülalә Zәngilәrin davamçılarıdır. Türk-kürd-әrәb qarışığı olan Ə.-in mәnşәyi mübahisәlidir. Rәvayәtlәrdәn birindә onların Rәvvadilәrdәn olduğu göstәrilir. Əyyubun Dәbildә yaşaması vә Şәddadilәrә, sonra isә Sәlcuqilәrә xidmәt etmәsi haqqında mәlumatlar var. Ə.-in adı mәnbәlәrdә ilk dәfә 1131 ildә Mosul atabәyi İmamәddin Zәnginin Abbasilәrә mәğlub olması ilә bağlı hadisәlәrdәn bәhs edilәrkәn çәkilir. Bu zaman Tikrit valisi olan Əyyub Zәngilәrә Fәrat çayını keçmәkdә kömәklik göstәrmiş, bundan bir müddәt sonra – 1137 ildә Ə. Mosula gedәrәk Zәngilәrә xidmәt etmişdilәr.
Ə.-in ayrı-ayrı qolları 12–13 әsrlәrdә Misirdә [1171–1250]; Suriyada Dәmәşq, [1186–1260], Hәlәb [1186–1260], Homs [1178–1262]; Mesopotamiya [1200–45] vә Cәnubi Ərәbistanda [1173–1228] hakimiyyәtdә olmuşdur.
Ə.-in tarix sәhnәsindәki mühüm rolu Misir sәfәrlәri (1164–69) ilә başlamışdır. 1169 ildә Sәlahәddin Əyyubi Fatimilәr xilafәtindә vәzir, eyni zamanda Hәlәb atabәyi [1128– 48] vә Şam atabәyi [1154 –74] olan Nurәddin Zәngini Misir ordusunun baş komandanı tәyin edilmişdi. Hәmin ilin sonunda Dumyatı mühasirәyә alan Bizans-sәlibçi qüvvәlәrini mәğlubiyyәtә uğratmışdı. Sәlahәddin Fatimilәri tәdricәn idarәetmәdәn uzaqlaşdıraraq 1171 ildә hakimiyyәti әlә keçirmiş vә Misirdә Abbasilәrin adına xütbә oxutdurmuşdu. 1170-ci illәrin әvvәllәrindә Yerusәlim krallığına mәxsus Eylatı, daha sonra Nubiya (Şimali Sudan), Yәmәn vә Liviyanı Zәngilәrin hakimiyyәti altına almışdı. Digәr tәrәfdәn Bizans vә İtaliya şәhәr-dövlәtlәri ilә ikili sazişlәr bağlamaqla xarici siyasәtini genişlәndirmişdi. Misirin ticari vә iqtisadi vәziyyәtini yaxşılaşdırmış, ölkәni az tәsadüf olunan dәmir, taxta-şalbanla vә qatran kimi strateji maddәlәrlә tәmin etmişdi. Donanmaya önәm vermişdir. Nurәddin Zәnginin ölümündәn (1174) sonra onun hakimiyyәtә keçәn on bir yaşlı oğlu Nurәddin İsmayılın atabәyi olmaq uğrunda Dәmәşq vә Hәlәb әmirlәri mübarizәyә başladılar. Vәziyyәtdәn istifadә edәn mosullular müstәqilliklәrini elan edәrәk әlCәzirәni әlә keçirdilәr. Bu zaman Sәlahәddinin başı Fatimilәrin tәrәfdarlarının hazırladığı sui-qәsdin, Siciliya donanmasının İsgәndәriyyәyә hücumunun (1174, iyul) qarşısını almağa vә Misirdәki Kәnzüddövlә üsyanını yatırmağa qarışmışdı. Atabәyliyi öz haqqı sayan Sәlahәddin Dәmәşqdәn gәlәn dәvәti qәbul edәrәk Suriyaya doğru yürüşә başladı, Bәәlbәk, Homs, Hәma şәhәrlәrini asanlıqla әlә keçirdi. Hәlәblilәr isә sәlibçilәr vә Hәşşaşilәrlә ittifaqa girәrәk Ə.-ә qarşı çıxdılar. Abbasi xәlifәsi Müstәzinin [1170–80] vasitәçiliyi ilә tәrәflәr arasında saziş imzalandı. Sazişә görә tәrәflәr әllәrindә olan әrazilәri özlәrindә saxladılar. 1175 il mayın 6-da xәlifә Müstәzi Sәlahәddinin Misir, Suriya, әl-Cәzirә üzәrindә hakimiyyәtini tanıdı. Bundan sonra Sәlahәddin müstәqilliyini elan edәrәk öz adına xütbә oxutdurdu. Nurәddin İsmayılın ölümündәn (1181) sonra Hәlәb– Mosul mәsәlәsini birdәfәlik hәll etmәk mәqsәdilә I Şәrq sәfәrinә çıxdı (1182). Sәfәr zamanı әl-Cәzirә, Sincar, Amid (indiki Diyarbәkir; 1183, 29 aprel) vә Hәlәbi (1183, 11 iyun) tutdu. II Şәrq sәfәri (1185–86) zamanı isә Mosul da Ə.-in idarәçiliyi altına keçdi, Azәrb. atabәyi Mәhәmmәd Cahan Pәhlәvanla Əhlәt sazişi imzalandı. 1187 ilin iyulunda Sәlahәddin Hittin (Fәlәstin) әtrafında sәlibçilәri darmadağın etdi, oktyabrda Qüdsü vә Suriyanın xeyli hissәsini onlardan tәmizlәdi. Sәlibçilәrin әlindә olan torpaqların böyük hissәsinin geri alınması Avropada geniş әks-sәda doğurdu. İngiltәrә kralı I Riçard, Almaniya imperatoru I Fridrix Barbarossa, Fransa kralı II Filipp Avqustun başçılığı ilә Üçüncü sәlib yürüşü (1189–92) tәşkil olundu. Tirdәn Yaffaya qәdәr olan sahil zolağının güzәştә gedilmәsi müqabilindә, sәlibçilәr Qüds vә fәth edilmiş digәr әrazilәrin Sәlahәddinin tabeliyindә qalmasına dair saziş imzaladılar. Sәlahәddinin ölümündәn (1193) sonra hakimiyyәtә onun böyük oğlu Mәlikül-Əfdal Əli keçdi. Bu zaman dövlәtin sәrhәdlәri Trablusqәrbdәn (Tripolitaniy a) Hәmәdan vә Əhlәtә, Yәmәndәn Malatyaya qәdәr uzanırdı. Lakin Əfdal sәriştәsiz olduğundan 1196 ildә sәlibçilәrlә müharibәdә böyük tәcrübә qazanmış әmisi Mәlikül Adilin yardımı ilә qardaşı Mәlikül Əziz tәrәfindәn devrildi (1196). 1198 ildә Əzizin ölümündәn sonra Əfdal bir müddәt yenidәn Misirә hakim olsa da, Mәlikül Adil 1200 il yanvarın 26-da Qahirәyә daxil olaraq yenidәn Əfdalı hakimiyyәtdәn devirәrәk özünü Əzizin oğlu Mәlikül Mәnsurun atabәyi, az sonra isә hökmdar elan etdi. Yalnız Hәlәb hakimi Zahir Qazi Adilin hakimiyyәtini qәbul etmәdi. Dövlәtin maliyyәsinә böyük әhәmiyyәt verәn vә xәzinәni daima dolu saxlamağa çalışan Adil sәlibçilәrlә müharibәlәri dayandırdı vә onlarla ticari әlaqәlәr yaratdı. Əhlәt, Ərciş vә Vanı alaraq Əhlәtşahların hakimiyyәtinә son qoydu.
1205 ildә Əfdal Anadolu Sәlcuqilәri ilә birlәşdi. 1209 ildә isә Sincarın mühasirәsi zamanı Ərbil hakimi Kökböri, Mosul hakimi Arslanşah, Hәlәb hakimi Zahir Qazi ilә Sәlcuq sultanı Qiyasәddin Keyxosrov Adilә qarşı ittifaq bağladılar. 1212 ildә Ə. Misirin q.-indәki torpaqları itirdilәr. 1197 ildә itaәtdәn çıxmış Yәmәn yalnız 1215 ildә çәtinliklә Ə.-in hakimiyyәtinә qaytarıldı.
Dördüncü sәlib yürüşü (1202–04) zamanı Adil venesiyalılarla razılığa gәlәrәk yürüşü Konstantinopola doğru yönәltmәklә ölkәsini tәhlükәdәn qurtardı. Eyni zamanda Mәrqәb qalasından Yaffaya qәdәr olan Aralıq dәnizyanı әrazilәri sәlibçilәrә güzәştә getdilәr. Beşinci sәlib yürüşünün (1217–21) әsas hәdәfi Misir olsa da, sәlibçilәr yalnız Dumyat qalasını ala bildilәr. Adilin ölümündәn (1218) sonra onun yerinә keçmiş oğlu – Misir hakimi Mәlikül Kamil sәlibçilәrin qalanı boşaltmalarına (1221) nail oldu. Altıncı sәlib yürüşü (1228–29) zamanı Kamil Almaniya imperatoru II Fridrixlә müqavilә (1229) bağlayaraq Qüdsü sәlibçilәrә verdi. Lakin 1244 (1247) ildә Qәzza yaxınlığındakı vuruşmadan sonra Qüds yenidәn Ə.-in hakimiyyәti altına keçdi.
1229 ildә Nurәddin Ömәr Yәmәn vә Hicaz hakimi tәyin olundu. Ancaq Kamilin Hicazı nәzarәti altına almağa çalışması onlar arasında narazılığa sәbәb oldu. 1232 ildә Nurәddin Yәmәnin müstәqilliyini elan edәrәk Ə.-in hakimiyyәtindәn çıxdı vә belәliklә, Yәmәn 1454 ilәdәk Rәsulilәr sülalәsinin hakimiyyәtindә qaldı.
Kamil әl-Cәzirә bölgәsinin idarәçiliyini qardaşı Əşrәf Musaya hәvalә etdi. 1230 ildә Xarәzmşah Cәlalәddin Mәnqburnu Əşrәfin hakimiyyәti altında olan Əhlәti әlә keçirdi. Buna cavab olaraq Əşrәf Sәlcuq sultanı Əlaәddin Keyqubadla ittifaq bağlayaraq Yassıçәmәn vuruşmasında (1230, 8–10 avqust) Xarәzmşahı mәğlubiyyәtә uğratdı.
1232 ildә Kamilin Amidi vә Hısnıkeyfanı (indiki Hasankeyf) tutaraq Artuklularının hakimiyyәtinә son qoymasından sonra I Əlaәddin Keyqubad Ə.-in Anadolunun c.ş.-indәki torpaqlarına hücuma başladı. ƏlCәzirәni talan etdi, Urfa, Hәrran, Rәqqә şәhәrlәrini mühasirәyә aldı. 1234 ildә Kamil Qahirәdәn Anadoluya doğru irәlilәsә dә, digәr Əyyubi mәliklәrinin Kamilә kömәkdәn imtina etmәlәri sәbәbindәn Misirә geri döndü. Belә bir vaxtda monqolların Anadolunun c.-ş. torpaqlarına hücuma hazırlaşmaları xarәzmşahları Ə.-lә yaxınlaşdırdı. Bu hadisә Kamilin gücünü artırsa da, Ə. arasında daxili çәkişmәlәr davam edirdi. Nәcmәddin Əyyubun [1240–49] dövründә daxili çәkişmәlәr daha da güclәndi, bәzi bәyliklәr mәrkәzi hakimiyyәtdәn ayrıldılar. Bir çox әrazilәrdә Sәlcuqilәr möhkәmlәndilәr.
Şimali Afrikada Fransanın mövqeyini güclәndirmәyә çalışan IX Lüdovikin fransız cәngavәrlәrindәn tәşkil olunmuş Yeddinci sәlib yürüşü (1248–54) zamanı 1249 ildә Dumyat qalası әlә keçirildi. Əyyubi hökmdarı Turan şah 1250 ildә sәlibçilәri mәğlubiyyәtә uğradıb IX Lüdoviki әsir götürdü. IX Lüdovik Ə.-ә vergi ödәmәk vә Dumyat qalasını geri qaytarmaq şәrtilә azad edildi. Dumyatdakı qәlәbәdәn sonra idarәçiliklә maraqlanmayan Turan şahın I Baybars tәrәfindәn öldürülmәsi (1250) ilә Misirdә Ə. dövrü sona çatdı. Hakimiyyәtә Turan şahın ögey anası Şәcәrüddür xatun keçdi. Onun yeni evlәndiyi mәmlük İzzәddin Aybәk Türkmanın xeyrinә hakimiyyәtdәn әl çәkmәsi ilә mәmlüklәrin Misirdә (1517 ilә qәdәr) vә Suriyada (1516 ilә qәdәr) ağalıq dövrü başladı. Dәmәşq, Hәma, Homs, Kәrәk Ə.-i isә Hәlәb Əyyubi sultanı Nasir Sәlahәddin Yusifin әtrafında birlәşdilәr. Sәlahәddin Yusif 1251 ildә Qahirәyә yürüş etsә dә, mәğlubiyyәtә uğradı, mәmlüklәr İordan çayına qәdәr Fәlәstin torpaqlarını tutdular. Abbasi xәlifәsi Müstәsimin vasitәçiliyi ilә tәrәflәr arasında әldә olunan razılığa әsasәn İordan çayı vә Nablusadәk olan әrazilәr Mәmlüklәrin, İordan çayı vә Nablusun şm.-ındakı vә ş.-indәki torpaqlar isә Ə.-in idarәçiliyindә qaldı. Bu hadisәdәn sonra mәmlüklәr arasında daxili çәkişmәlәr başladı. 1260 ildә Hülaku xan Hәlәb vә Dәmәşqi tutaraq Misirә hücum etdi. Mәmlük sultanı Kutuzla Hülakular arasında sentyabrın 3-dә Eyn Calutda, sentyabrın 6-da Beysan yaxınlığında baş vermiş döyüş mәmlüklәrin qәlәbәsi ilә nәticәlәndi. Bundan sonra Hülaku xan Sәlahәddin Yusifi öldürtdü vә Ə.-in Hәlәb qolu da süqut etdi (bundan әvvәl әl-Cәzirә Ə.-i ortadan qaldırılmışdı). Eyn Calut vuruşmasından sonra sultan olan I Baybars Kәrәk vә Homsda Ə.-in hakimiyyәtinә son qoydu (1263). Ə.-in әlindә yalnız Hәma vә Hısnıkeyfa qaldı. Sonuncu hökmdarı Əbül-Fida olan Hәma Ə.-i müәyyәn fasilәlәrlә 1342 ilәdәk hakimiyyәtdә qaldılar. Hısnıkeyfa Ə.-inin hakimiyyәtinә isә 1462 ildә Uzun Hәsәn son qoydu.
Əyyubi sultanlığı mәrkәzi hakimiyyәtә tabe olan vilayәt, әyalәt, әmirlik vә işğal olunmuş qonşu әrazilәrdәn ibarәt idi. Mәdәniyyәt vә dövlәt idarәçiliyi sahәsindә İran–türk әnәnәlәrinә әsaslanırdı. Mәrkәzi şәhәrlәri Hәlәb, Dәmәşq vә Qahirә idi. Ə. dövründә tәsәrrüfatın әsasını әkinçilik vә maldarlıq tәşkil edirdi. İqta (timar) sistemi tәtbiq olunurdu. Ə. orduya ciddi qayğı göstәrirdilәr. Mәhkәmә işlәrinә qazı baxırdı. Ə. dövrü elm vә mәdәniyyәti orta әsr müsәlman Şәrqindә mühüm rol oynamışdır. Yaqut Hәmәvi, Hәmdullah Qәzvini vә b. müәlliflәrin әsәrlәri orta әsr Şәrq tarixşünaslığında önәmli yer tutur. Riyaziyyat vә tәbiyyat elmlәrinә ciddi fikir verilirdi. Dünyanın ilk klinik xәstәxanası Dәmәşqdәki Nurәddin Zәngi xәstәxanasıdır. Yetim vә kasıb uşaqlar, hәmçinin Mәğribdәn gәlmiş tәlәbәlәr üçün yataqxanalar, sәyyah vә tacirlәr üçün qonaq evlәri vә karvansaralar fәaliyyәt göstәrirdi. Ə. zәngin kitabxanaları ilә dә mәşhurdur. Misirdә Fatimilәrdәn miras qalmış kitabxanada 120 min әlyazma nüsxәsi saxlanılırdı. Ə. zamanında İsgәndәriyyә, Dumyat, Qahirә, Dәmәşq vә s. şәhәrlәr iri sәnәtkarlıq mәrkәzlәrinә çevrilmişdi. 1192 ildә İngiltәrә kralı I Riçard ilә Sәlahәddin arasında qarşılıqlı ticari razılaşmalar imzalanmışdı. Venesiya, Genuya, Hanza ilә ticarәt aparılırdı. Sultanlıqda toxuculuq, şüşә, kağız vә sabun istehsalı inkişaf etmişdi. Dәmәşqdә emal edilәn qılınclar dünyada mәşhur idi. 12–15 әsrlәrdә Misirdә vә digәr әrazilәrdә qalalar (Qahirәdә Sәlahәddin narınqalası vә s.), mәscidlәr, mәdrәsәlәr inşa olunmuşdu.