ƏZƏLƏ SİSTEMİ, әzәlәlәr – heyvanlarda vә insanda bir-birilә birlәşdirici toxuma vasitәsilә әlaqәli olan, әzәlә vә daxili orqanların әzәlә qişasını әmәlәgәtirәn әzәlә toxumasının yığılma elementlәrinin mәcmusu. İbtidailәrdә vә süngәrlәrdә Ə.s. yoxdur. Bağırsaqboşluqluların әksәriyyәtindә bәdәn boşluğu divarlarının ektovә entodermal qatlarında epiteli-әzәlә hüceyrәlәri әmәlә gәlir; mәrcan poliplәrinin, stifomeduzaların vә daraqlıların bәdәninin bәzi yerlәrindә saya әzәlә hüceyrәlәrindәn ibarәt әsl әzәlә toxuması formalaşır. Qurdabәnzәr heyvanların müxtәlif qruplarında Ə.s., әsasәn, dәri-әzәlә kisәsindәn ibarәtdir; hәlqәvi vә uzununa әzәlә liflәrinin qatları dәri örtüyü ilә sıx әlaqәdardır. Hәlqәvi qurdların dәri-әzәlә kisәsindәn әzәlә liflәrindәn ibarәt dәstәlәr ayrılır; bunlar parapodiyalar, ağız aparatı vә bәdәn seqmentlәri (metamerlәr) arasındakı arakәsmәlәrlә әlaqәdar olan vә ayrı-ayrı nizamlanmış әzәlәlәr әmәlә gәtirir; әzәlә hüceyrәlәrindәn ibarәt qatlar bağırsaq divarlarında vә bәzi qan damarlarında olur.
Molyusklar üçün qismәn dәri-әzәlә kisәsi tipli strukturlar, әsasәn isә ayrıca kisәlәrdәn ibarәt Ə.s.-nin әhәmiyyәtli inkişafı sәciyyәvidir; başıayaqlı molyusklarda Ə.s.-nin xeyli hissәsi eninәzolaqlı әzәlә toxumasından әmәlә gәlmişdir. Onurğasızlar arasında buğumayaqlılar әn mürәkkәb diferensiasiya olunan eninәzolaqlı әzәlәlәrdәn ibarәt Ə.s-nә malikdir; onların әzәlәlәri xarici skelet strukturları ilә әlaqәdardır.
Xordalıların Ə.s. iki әsas әzәlә kateqoriyasından formalaşmışdır: somatik (parietal, skelet) vә visseral. Balıqlarda ox әzәlәlәri üfüqi miosepta (arakәsmә) ilә uzununa yerlәşәn bel vә qarın әzәlә lentlәri ilә ayrılmışdır; bunlar da öz növbәsindә eninә mioseptalarla bir sıra ardıcıl seqmentlәrә (miomerlәrә) bölünmüşdür. Mioseptalar vә onların arasında yerlәşәn miomerlәr mürәkkәb formaya malikdir; әzәlә liflәri uzununa yerlәşir. Ox әzәlәlәrinin bu cür metamer quruluşu su mühitindә üfüqi müstәvidә (sәthdә) bәdәnin dalğavarı yan әyilmәlәri ilә hәrәkәt etmәsinin nәticәsidir. Dәyirmiağızlılarda vә kәllәsizlәrdә somatik ox әzәlәlәrindә üfüqi arakәsmә yoxdur.
Quru onurğalılarında lokomotor rol әtrafların әzәlәlәrinә keçir. Onların ox әzәlәlәrinin nisbi kütlәsi azalır, seqment quruluşu sadәlәşir vә diferensiasiya olunan әzәlәlәr sisteminin formalaşması zamanı qismәn itir. Sürünәnlәr, quşlar vә mәmәlilәrdә belin ox әzәlәlәri onurğanın hәrәkәtlәrini idarә edәn üç qrup uzununa әzәlә әmәlә gәtirir. Öndә başın vә boynun hәrәkәtlәrini müәyyәn edәn әzәlәlәr, geridә isә quyruq әzәlәlәri diferensiasiya olur. Qarının ox әzәlәlәrindәn ilk növbәdә daxili orqanlara dayaq (mühafizә) vә bәdәn boşluğunu sıxmaq üçün istifadә edilir. Amniotlarda döş qәfәsinin tәnәffüs hәrәkәtlәrindә fәal iştirak edәn qabırğaarası әzәlәlәr vardır.
Əzәlә sistemi: a – akula (balıqlar); b – pişik (mәmәli); 1 – ağız dәliyi; 2 – spirakulum; 3 – damaq-kvadrat qığırdağı qaldıran әzәlә; 4 – alt çәnәni qaldıran әzәlә; 5 – visseral aparatın ümumi sәthi sıxıcısı; 6 – bel әzәlәlәri; 7 – qarın әzәlәlәri; 8 – döş üzgәcini qaldıran әzәlә; 9 – onu endirәn әzәlә; 10 – trapesşәkilli әzәlә; 11 – deltaşәkilli әzәlә; 12 – saidi açan әzәlә; 13–14 – qarın әzәlәlәri (13 – xarici çәp; 14 – düz); 15 – döş әzәlәsi; 16 – gicgah әzәlәsi; 17 – çeynәmә әzәlәsi; 18 – ikiqarıncıqlı әzәlә; 19 – döş- mәmәvarı әzәlә; 20 – tinüstü әzәlә; 21 – tinaltı әzәlә; 22–kürәyi qaldıran әzәlә; 23 – çiyinin üçbaşlı әzәlәsi; 24 – aşağı dişli әzәlә; 25 – belin enli әzәlәsi; 26 – dәrzi әzәlәsi; 27 – bud fassiyasını gәrginlәşdirәn әzәlә; 28 – orta vә böyük sağrı әzәlәsi; 29 – yarıvәtәrli әzәlә; 30 – budun ikibaşlı әzәlәsi; 31 – baldır әzәlәsi.
Rüşeymdә әtraf әzәlәlәri әtrafların başlanğıcına bitişәn xüsusi damcışәkilli çıxıntılardan (miotom somitlәrdәn) inkişaf edir. Balıqların әksәriyyәtindә hәr bir cüt üzgәcin әzәlәlәri yalnız iki antaqonist üzgәci qaldıran vә endirәn әzәlәdәn ibarәtdir; bu әzәlәlәrin bәzi lif dәstәlәri hәm dә üzgәci irәliyә darta, yaxud geriyә çәkә bilir. Quru onurğalılarının cüt әtrafları hәrәkәt vә dayaq orqanlarıdır. Onurğalıların başındakı somatik әzәlәlәr yalnız gözü hәrәkәt etdirәn kiçik әzәlәlәrdәn, hәmçinin dil vә dilaltı nahiyәnin әzәlәlәrindәn ibarәtdir.
Ə.s. skeletlә birlikdә dayaq-hәrәkәt aparatını formalaşdırır. Ə.s.-nin daim mәşq etdirilmәsi (işlәmәsi) ayrı-ayrı әzәlәlәrin kütlәsini, onların gücünü vә iş qabiliyyәtini artırır, hәddәn artıq yüklәnmә yorulma, fәaliyyәtsizlik isә atrofiya ilә nәticәlәnir. Əzәlәlәrin yığılma funksiyalarının pozulmaları damarlarda tonusun saxlanması qabiliyyәtinin azalması ilә (hipertoniya vә miokardın infarktı zamanı) müşayiәt edilir; skelet әzәlәlәrinin distrofiyasına (iflicin müxtәlif formalarında) sәbәb olur. Ə.s.-ndә patoloji dәyişikliklәr sinir vә humoral tәnzimlәnmәnin pozulmaları, ayrı-ayrı әzәlәlәrin, yaxud onun hissәlәrinin zәdәlәnmәsi (mәs., miokard infarktı) ilә әlaqәdar baş verә bilәr.