ƏZƏLƏLƏR – heyvan vә insan bәdәnindә yığılma qabiliyyәti olan vә bir sıra mühüm fizioloji funksiyaları yerinә yetirәn orqanlar; Ə.-in tәrkibinә әzәlә toxuması, birlәşdirici toxuma, bir-birilә әlaqәli olan әzәlә liflәri, әmәlәgәlәn әzәlә qişası (fassiya) vә vәtәrlәr (Ə.-in skelet hissәlәrinә birlәşmәsini tәmin edir), habelә sinirlәr vә qan damarları daxildir. Ə. ümumilikdә әzәlә sistemini әmәlә gәtirir. Ə. orqanizmin daxilindә müxtәlif formalı hәrәkәtlәri vә xarici mühitdә orqanizmin hәrәkәtini tәmin edir.
Ə. ilk olaraq halqalı qurdlarda formalaşmış vә saya әzәlә toxumasından ibarәt olmuşdur; bundan sonra başıayaqlı molyusklar vә buğumayaqlılarda eninәzolaqlı Ə. sistemi yaranır. Onurğalı heyvan vә insanda saya әzәlә toxumasından yaranan Ə. – daxili orqanların (hәzm sistemi, qan vә limfa damarları, tәnәffüs yolları, ifrazat axacaqları, sidik kisәsi vә s.) divar Ə.-ini, eninәzolaqlı әzәlә toxumasından ibarәt eninәzolaqlı Ə. – skelet Ə.-ini tәşkil edir. Funksional cәhәtdәn saya Ə. qeyri-iradi, nisbәtәn yavaş yığılması, uzun müddәt yığılmış vәziyyәtdә qalma qabiliyyәti ilә sәciyyәlәnir; eninәzolaqlı Ə. isә әksinә, sinir impulslarının tәsirindәn saya Ə.-ә nisbәtәn tez yığılır. Bir qayda olaraq, ürәyin eninәzolaqlı әzәlәsi – miokard ayrıca qeyd olunur.
Onurğalı heyvan vә insanda visseral vә somatik Ə. ayırd edilir. Daxili orqanlar ontogenezdә mezodermanın yan lövhәciyindәn inkişaf edәn visseral Ə.-in iştirakı ilә yaranmışdır; onlarda hәm saya, hәm dә eninәzolaqlı (udlaq vә ürәk Ə.-i) әzәlә toxuması var; bu Ə. onurğa beyni sinirlәrinin hәrәki liflәri ilә innervasiya olunur. Somatik (parietal, skelet) Ə. mezodermal somitlәrin miotomundan tәşkil edilәn, eninәzolaqlı әzәlә toxumasından ibarәtdir, onurğa beyni vә kәllә-beyin (gözün hәrәki siniri, blok siniri, uzaqlaşdırıcı vә dilaltı sinirlәr) sinirlәri ilә innervasiya olunur.
Skelet Ə.-inin forma vә ölçülәri olduqca müxtәlifdir. Uzun, qısa, enli vә halqavarı Ə., habelә iyәbәnzәr, yastı, qayışabәnzәr (lentşәkilli) Ə. dә vardır. Ə.-in әn qalın (әtli) hissәsi qarıncığı, uc şöbәlәri – başı (qısa vәtәrlә vә ya әzәlә liflәri ilә skelet elementlәrinә bәnd olunan) vә quyruğu (uzun vәtәrlә bәnd olunan) adlanır. Vәtәr qatları ilә bölünәn bir neçә başlı vә qarıncıqlı Ə. dә mövcuddur.
Daxili quruluşuna görә sadә (Ə.-in oxu boyu kәsilmәyәn paralel, nisbәtәn uzun әzәlә liflәri ilә) vә lәlәkli (ox vәtәrә çәp yerlәşәn qısa liflәrlә bәnd olunan) Ə. fәrqlәndirilir. Əzәlәnin lәlәkli quruluşu onda çoxlu sayda әzәlә liflәrinin yerlәşmәsinә imkan verir (bәrabәr hәcmdә olduqda) ki, bu da onun kiçik uzunluqda (sadә Ə.-lә müqayisәdә) böyük yığılma gücünün olmasını tәmin edir. Belә Ə.-in tәrkibindәki müxtәlif istiqamәtlәrdә yerlәşәn ayrı-ayrı liflәr dәstәsi hәrәkәtlәrin müxtәlifliyindәn asılı olaraq güclü vә ya zәif yığıla bilәr.
Hәrәkәtә cәlb olunan oynaqların sayına görә bir-, ikivә çoxoynaqlı Ə. (bәzi Ə. oynaqlarla әlaqәli olmur; mәs., dilaltı, mimiki vә s.) fәrqlәndirilir. Ə.-in yığılmasından törәnәn hәrәkәtin xarakterinә görә bükücü, açıcı, qaldırıcı, endirici, sıxıcı, genәldici, yaxınlaşdırıcı, uzaqlaşdırıcı, hәrlәndirici vә Ə. ayırd edilir. Adәtәn oynaqlarda hәrәkәt bir çox әzәlә komplekslәrinin iştirakı ilә yerinә yetirilir, belә ki, müxtәlif Ə. bir-birilә qarşılıqlı tәsirdә olurlar. Bu zaman yığılma hәmin oynaqda eyni formada hәrәkәt törәdәn Ə. (mәs., onun bükücülәri) sinergist, әks hәrәkәtә sәbәb olanlar isә antaqonist adlanır (mәs., bükücülәr vә açıcılar). Hәrәkәtlәrә nәzarәt, onların gücü, sürәti vә rәvanlığı bir neçә müxtәlif sinergist vә antaqonist Ə.-in eyni zamanda müxtәlif intensivlik dәrәcәsindә yığılması ilә әldә edilir.
İnsanın skelet әzәlәlәri. Öndәn görünü ş: 1 – әnsә-alın әzәlәsi; 2 – ağızın dairәvi әzәlәsi; 3 – çәnәaltı әzәlә; 4 – döş-dilaltı әzәlә; 5 – trapesşәkilli әzәlә; 6 – bazunun üçbaşlı әzәlәsi; 7 – qarnın düz әzәlәsi; 8 – qarnın xarici çәp әzәlәsi; 9 – qalça-bel әzәlәsi; 10 – enli fassiyanı dartan әzәlә; 11 – daraq әzәlәsi; 12 – uzun gәtirici әzәlә; 13 – dәrzi әzәlәsi; 14 – nazik әzәlә; 15 – budun düz әzәlәsi; 16 – budun medial enli әzәlәsi; 17 – budun yan enli әzәlәsi; 18 – ayağın böyük barmağını uzaqlaşdıran әzәlә; 19 – barmaqların uzun açıcı әzәlәsi (vәtәr); 20 – barmaqları açan uzun әzәlә; 21 – ön qamış әzәlәsi; 22 – kambalaşәkilli әzәlә; 23 – baldır-ayaq әzәlәsi; 24 – әlin böyük barmağını açan qısa әzәlә; 25 – әlin böyük barmağının uzun açıcı әzәlәsi; 26 – bilәyi açan dirsәk әzәlәsi; 27 – bilәyi açan qısa mil әzәlәsi; 28 – barmaqları açan әzәlә; 29 – bilәyi açan mil әzәlәsi; 30 – bilәyi açan uzun mil әzәlәsi; 31 – bazu-mil әzәlәsi; 32 – bazunun üçbaşlı әzәlәsi; 33 – bazunun ikibaşlı әzәlәsi; 34 – ön dişli әzәlә; 35 – böyük döş әzәlәsi; 36 – deltavarı әzәlә; 37 – orta pillәli әzәlә; 38 – ön pil- lәli әzәlә; 39 vә 40 – döş-körpücük-mәmәvarı әzәlә; 41
– ağız bucağını endirәn әzәlә; 42 – çeynәmә әzәlәsi; 43 – böyük almacıq әzәlәsi; 44 – gicgah әzәlәsi.