ƏZİMOV (Asimov) Ayzek (2.1.1920, Petroviçi, Smolensk qub., indiki Smolensk vil. – 6.4.1992, Nyu-York) – yәhudi әsilli Amerika yazıçısı-fantast; biokimya mütәxәssisi. 1923 ildә valideynlәri ilә ABŞ-a getmişdir. Kolumbiya Un-tini bitirmiş (1939), Boston Un-tinin prof.-u olmuşdur (1979). Tәxminәn 500-ә yaxın әsәrin müәllifidir. “Sәmada çınqıl” (“Pebble in the sky”, 1950) ilk romanıdır. Ona
şöhrәt qazandıran “Tәmәl çilәr” (“Foundation”, 1951–53, Hüqo mük., 1960) adlı trilogiyasında Roma imperiyasının dağılması zәminindә kainatın gәlәcәyi tәsvir edilir. Ə. trilogiyanı “Tәmәlçilәrin hәddi” (“Foundation’s edge”, 1982), “Şәfәqin robotları” (“The robots of dawn”, 1983), “Tәmәlçilәrin başlanğıcı” (“Prelude to Foundation”, 1988), “Tәmәlçilәr, irәli” (“Forward the Foun-dation”, 1993) kitablarında davam etdirmişdir. “Polad mağaralar” (“The caves of steel”, 1954) vә “Çılpaq günәş” (“The naked Sun”, 1957) romanları elmi fantastik janrdadır. Yazıçının “Mәn – robot” (“I, robot”, 1950) adlı novellalar toplusunda insan–maşın qarşılıqlı münasibәtlәrinin әxlaqi problemlәri qoyulur. Ə. Amerikada daha çox tәbiәtşünaslıq, tarix, texnika vә müxtәlif ensiklopediyalara, o cümlәdәn Bibliya vә Şekspirә (“Asimov’s guide to the Bible”, 1968–69, “Asimov’s guide to Shakespeare”, 1970) aid elmi-kütlәvi kitabların müәllifi kimi tanınır. “Tәmәlçilәr”, “Kosmik axınlar” romanları, “Qaz ciyәrindәn paştet”, “Su çox olan yer”, “Peşә”, “Gәlin yığışaq”, “Marslıların yolu”, “İki yüz yaşlı adam” hekayәlәri Azәrb. dilinә tәrcümә edilmişdir.
Ə s ә r l ә r i: Конец вечности. М., 1966; Путь марсиан. М., 1966; Сами боги. М., 1976; Seçilmiş әsәrlәri. B., 2010.