ƏZİMOV Nәriman Abbasqulu oğlu (1.6. 1936, Gәncә – 19.11.2016, Bakı) – Azәrb. dirijoru, bәstәkar. Azәrb. Resp. xalq artisti (1991). Azәrb. Resp. әmәkdar incәsәnәt xadimi (1976). Azәrb. Dövlәt Konservatoriyasını bitirmişdir (1960). 1957–60 illәrdә Azәrb. Dövlәt Televiziya vә Radio Verilişlәri Komitәsinin S.Rüstәmov ad. Xalq Çalğı Alәtlәri Ork.-ndә tarzәn-solist, 1960 ildәn xormeyster, 1964–74 illәrdә dirijor işlәmişdir. 1974 ildәn hәmin ork.-in bәdii rәhbәri vә baş dirijoru olmuşdur. Ə. mahnı (“Ana torpaq”, “Vәtәnimdir”, “Gәncәm”, “İşıqlı dünyamsan”, “Könül sevinci”, “Unutdun mәni”, “Könül neylәsin” vә s.), romans (“Düz eylәdin”, “Dünya dalıb sükuta”), vәtәnpәrvәrlik mahnıları (“Millәt atası”, “Azәrbaycan bayrağı”, “Ucal hәmişә”, “Hәyat bizimdir”, “Azәrbaycanın igid oğulları”), kvartet vә xalq çalğı alәtlәri ork. üçün instrumental әsәrlәrin (“Xalq çalğı alәtlәri orkestri vә 4 balaban üçün kvartet”, “Lirik pyes”, “Düşüncә”, “Tar üçün fantaziya” vә s.) müәllifidir. F.Əmirovun “Şur” vә “Kürd-ovşarı” simfonik muğamlarını, Motsartın 40-cı simfoniyasını, C.Cahangirovun “Füzuli” kantatasını, V.Adıgözәlov vә H.Xanmәmmәdovun bir sıra әsәrlәrini xalq çalğı alәtlәri üçün orkestrlәşdirmişdir. Dirijor kadrlarının yetişmәsindә xidmәti var.