ƏZİMULLAH XAN (?, Kanpur – oktyabr, 1859, Bhutval) – 1857–59 illәrdә Hindistanda İngiltәrә müstәmlәkәçilәrinә qarşı böyük xalq üsyanının rәhbәrlәrindәn biri. Gәnc yaşlarında ingilis vә fransız dillәrini öyrәnmiş, Kanpurda müәllimlik etmişdir. 1854 ildә Nana Sahibin müşaviri kimi Londonda, Hindistana geri dönәrkәn isә Osmanlı dövlәtindә (üsyan baş verdiyi tәqdirdә dәstәk vә yardım almaq mәqsәdilә) olmuşdur. Krım müharibәsi (1853–56) zamanı Sevastopolun mühasirәsindә iştirak etmişdir. Hindistana qayıtdıqdan sonra İngiltәrә Ost-Hind şirkәtindәn narazı olan racәlәr, hәmçinin Benqaliya prezident hәrbi qarnizonları arasında kәşfiyyat işlәri aparmışdı. Üsyan başlamazdan әvvәl Bithura köçmüş, Nana Sahiblә birlikdә xalqı ingilis müstәmlәkәçilәrini ölkәdәn qovmağın mümkünlüyünә inandırmışdır. 1857 ilin may–iyul aylarında Kanpurda üsyana rәhbәrlik etmiş, Nana Sahibin müşaviri kimi hökumәtin vә Ali mәhkәmәnin nümayәndәsi olmuşdur. Kraliça Viktoriyanın üsyan zamanı Britaniya tәbәәlәrini öldürmәdiklәri tәqdirdә әfv edilәn hind feodalları barәsindә imzaladığı amnistiyadan sonra ali hind tәbәqәlәri silahı yerә qoydu. İngilislәr şәhәri alsalar da (17 iyul) mübarizәni davam etdirәn Ə.x. Nana Sahiblә birlikdә Nepalla sәrhәddә yerlәşәn Auda çәkilmişdir.