ƏZİMZADƏ Əzim Aslan oğlu (7.5.1880, Bakı yaxınlığındakı Novxanı k. – 15.6. 1943, Bakı) – Azәrb. rәssamı. Azәrb. SSR xalq artisti (1927). Əmәk Qәhrәmanı (1927). Azәrb. tәsviri sәnәtindә tәn-qidi realizmin vә realist qrafika sәnәtinin banisi. Ə. ilk tәhsilini mollaxanada almış, burada әrәb vә fars dillәrini öyrәnmiş, daha sonra rus-tatar mәktәbindә oxumuşdur. Ə. xüsusi rәssamlıq tәhsili almamışdır. Rәssamlıq sәnәtinin sirlәrini ilk olaraq Bakıda tacir A.Quliyevin evinin divar rәsmlәrini işlәyәn Maslov soyadlı rәssamdan öyrәnmişdir. Ə.-nin yaradıcılığı çoxcәhәtli vә çoxplanlılığı ilә fәrqlәnir (dәzgah qrafikası, siyasi plakatlar, teatr dekorasiyaları, geyim eskizlәri, kitab illüstrasiyaları). Bәdii irsindә dövrünün mühüm hadisәlәri әks olunan karikaturaları mühüm yer tutur. İlk karikaturaları (“İrşad” qәzetinin müştәrisi”, “Cәnab Vitte”, 1906) “Molla Nәsrәddin” jurnalında dәrc olunmuşdur. Rәssamın özünәmәxsus üslubunun formalaşması vә C.Mәmmәdquluzadә ilә yaradıcılıq birliyi mәhz bu jurnalla bağlıdır (1906–31; 1922– 31 illәrdә jurnalın baş rәssamı). Sonralar Ə. “Zәnbur” (1906–10), “Kәlniyyәt” (1912–13), “Mәzәli” (1914–15), “Tuti” (1914–16) vә s. satirik jurnallarla әmәkdaşlıq etmişdir. M.Ə.Sabirin “Hophopnamә” әsәrinә ilk illüstrasiyalar işlәyәn (1914 vә 1942) vә bununla kitab qrafikası sәnәtinin dә әsasını qoyan Ə. olmuşdur. Ə. 1922– 31 illәrdә Ə.Haqverdiyevin “Marallarım” hekayәlәr mәcmuәsinә, “Xortdanın cәhәnnәm mәktubları” hekayәsinә, N.Nәrimanovun “Pir” vә “Ocaq” povestlәrinә, C.Mәmmәdquluzadәnin “Bәlkә dә qaytardılar” hekayәlәr mәcmuәsinә illüstrasiyalar çәkmişdir.
1920-ci illәrdә Ə. plakatlar yaratmış, xalq şәnliklәrinin vә teatrların interyerlәrini tәrtib etmişdir. Onun tәsvir üslubunda xalq yaradıcılığına xas yığcamlıq, obrazlılıq kimi cәhәtlәr üstündür. 1930-cu illәrin әvvәllәrindә yaradılmış akvarel әsәrlәrindә (“Kasıb evindә toy”, “Varlı evindә toy”, “Köhnә bakılılar” vә s.) sosial bәrabәrsizliyә qarşı çıxırdı. “Xoruz döyüşü”, “Kukla teatrı”, “Çilәkәsmә mәrasimi” vә s. әsәrlәrindә Azәrb.-nın qәdim adәt-әnәnәlәri etnoqrafik dәqiqliklә tәsvir olunmuşdur.
Azәrb. qadını obrazı, köhnә cәmiyyәtdә onun taleyi (“Tәzә arvad alırlar”, “Arvadını döyәn kişi”, “Çәltik әkini” vә s.) Ə. yaradıcılığında xüsusi yer tutur. O, portret janrı sahәsindә [Şәrqin böyük şairlәri C.Rumi (1911) vә M.Füzuli (1919), sәrkәrdә Sәdrәddin Əyyubi] mәhsuldar işlәmiş, epik ümumilәşdirmәlәr yaratmağa nail olmuşdur. “Köhnә Bakı tiplәri” (1937) adlı mәşhur silsilәsi tәsvir bitkinliyi vә mükәmmәlliyi, ecazkar tәbiәt mәnzәrәlәri (“Görәdildә bağ”, “Türkan kәndi”, “Dәniz kәnarında bağ” vә s.) bәdii tәsir gücü ilә fәrqlәnir. Ə. teatr rәssamı kimi hәm klassik, hәm dә müasir әsәrlәrin tamaşalarına tәrtibat vә geyim eskizlәri vermişdir (“Leyli vә Mәcnun”, “Əsli vә Kәrәm” operaları; “Arşın mal alan”, “O olmasın, bu olsun” musiqili komediyalar, Ü.Hacıbәyli; “Dağılan tifaq”, Ə.Haqverdiyev; “Dәmirçi Gavә”, Ş.Sami). C.Cabbarlı pyeslәrinin tәrtibatını Ə. realist teatr rәssamı R.Mustafayevlә birgә hәyata keçirmişdir. Ə. 1920 ildә Xalq Maarif Komissarlığının mәdәniyyәt sahәsinә rәhbәrlik etmiş, 1920 – 43 illәrdә Azәrb. Rәssamlıq Mәktәbindә dәrs demişdir (1932–37 illәrdә direktor). Rәssamın ilk fәrdi sәrgisi 1940 ildә Bakıda açılmışdır (sonra Moskvada nümayiş etdirilmişdir; 1200-dәn artıq әsәr). Əsәrlәri Azәrb. Milli İncәsәnәt Muzeyindә, C.Cabbarlı ad. Azәrb. Dövlәt Teatr Muzeyindә, Milli Azәrb. Tarixi Muzeyindә vә N.Gәncәvi ad. Milli Azәrb. Ədәbiyyatı Muzeyindә saxlanılır. Bakıda ev-muzeyi yaradılmışdır (1965). Rәssamın İçәrişәhәrdә büst-abidәsi qoyulmuşdur (2002, heykәltәraş Ö. Eldarov).
Əd.: Qazıyev A.Y. Xalq rәssamı Əzim Əzimzadә. B., 1953; yenә onun. Азим Азимзаде. М., 1961; Hәbibov N. Rәssamlıqdan söhbәt. B., 1961; Nәcәfov M. Əzim Əzimzadә. B., 1972; yenә onun. Rәssam vә zaman B., 1977; yenә onun. Азимзаде. М., 1957; yenә onun. Азим Азимзаде. Б., 1965; Ə. Əzimzadә (albom). B., 2013.