ƏZİZBƏYOV Mәşәdi bәy Əziz bәy oğlu (18.1.1876, Bakı – 20.9.1918, Tür., Ağcaqum çölü) – Rusiya Sosial-Demokrat Fәhlә Partiyasının (RSDFP) ilk üzvlәrindәn biri, Azәrb.-ın sovetlәşmәsi uğrunda fәal mübarizә aparmış ictimai-siyasi xadim. Bakı realni mәktәbini bitirdikdәn (1896) sonra mülki mühәndislәr in-tuna daxil olmaq üçün Peterburqa getmiş, gizli marksist dәrnәyinin mәşğәlәlәrindә, tәlәbә nümayişlәrindә iştirak etmiş, 1898 ildә RSDFPyә daxil olmuşdur. 1899 ildә Peterburq Texnologiya İn-tuna qәbul edilmiş, 1900 ildә Peterburq ali mәktәblәrindә oxuyan azәrb. tәlәbәlәrin hәmyerlilәr cәmiyyәtinin sәdri seçilmişdir.
1902 ildә Peterburq fәhlәlәrinin inqilabi çıxışlarında iştirakına görә hәbs edilmiş, 1905 ildә “Hümmәt” sosial-demokrat tәşkilatının rәhbәr heyәtinә daxil olmuşdur. Hәmin il Bakı fәhlәlәrinin ümumi tәtilindә fәallıq göstәrmiş, “Elektriçeskaya sila” sәhmdar cәmiyyәtinin şәhәr kontorunda işә girmiş, şәhәrdә ermәni-müsәlman toqquşmalarının qarşısını almağa çalışmışdır. 1906 ildә RSDFP Bakı tәşkilatının tapşırığı ilә “Bayraği-nüsrәt” (“Zәfәr bayrağı”) adlı partiya döyüş drujinasını yaratmışdı. Ə. bolşevik “Dәvәt-Qoç” vә “Prizıv” qәzetlәri nәşrinin tәşkilindә vә yayılmasında fәal iştirak etmiş, 1906 ildә İran sosial-demokrat “İctimaiyyun-amiyyun” (“Mücahid”) partiyası MK-nın üzvü, Bakı ş. Dumasına seçki kampaniyasının rәhbәrlәrindәn biri idi. 1908 ildә Peterburq Texnologiya İn-tunu bitirәrәk, mühәndis-texnoloq vә energetik diplomu almışdır. Bakıya qayıdan Ə. “Nicat” mәdәni-maarif cәmiyyәti idarә heyәti sәdrinin müavini seçilmişdir. 1908–10 illәrdә RSDFP Bakı komitәsinin tapşırığı ilә İran inqilabına (1905–11) kömәk etmәk üçün bir neçә dәfә oraya getmiş, inqilabçılar üçün gizli әdәbiyyat vә silah aparmışdır. 1909 ildә Bakıda yaradılan İran inqilabçılarına Yardım Komitәsinә başçılıq etmişdir. Hәmin ildә yenidәn “Nicat” cәmiyyәti sәdrinin müavini seçilәn Ə. 1910 ildә Bakı ş. Duması üzvlüyünә namizәd irәli sürülmüş, şәhәr özünüidarәsi rәisi vәzifәsindә çalışmaq üçün Rәştә dәvәtilә әlaqәdar İrana getmiş, Ənzәlidә vә Rәştdә inqilabi iş aparmışdır. 1911 ildә Bakı әhalisinin yoxsul tәbәqәlәrinә yardım göstәrmәk üçün şәhәr özünüidarәsi yanında tikinti bürosu açmış, hәmin il Bakı ş. Dumasının üzvü seçilmiş, burada yoxsulların mәnafeyinin müdafiәçisi kimi çıxış etmişdir. Ə. şәhәr elektrik texniki vәzifәsindә çalışmış, şәhәr memarı olmuş, 1914 ildә Bakı fәhlәlәrinin ümumi tәtilinin hazırlanmasında fәallıq göstәrmişdir.
1915 ildә “Milliyyәtindәn asılı olmayaraq, qaçqınlara yardım komitәsi” sәdrinin müavini, 1917 ildә “Hümmәt” bolşevik tәşkilatı müvәqqәti komitәsinin üzvü seçilmişdir. Bakı müsәlman sosialist partiyaları bürosunun sәdri olan Ə. Qafqaz müsәlmanlarının Bakıda keçirilәn qurultayında iştirak vә çıxış etmişdir. 1917 ildә Bakı qub. әrzaq komitәsinin müvәkkili kimi qәzalara ezam edilmiş, bolşevik Bakı Komitәsinin heyәtinә cәlb olunmuş, yerli hümmәtçi bolşeviklәrlә әlaqә yaratmaq üçün Tiflisә getmişdir. Mәrkәzi tәtil komitәsinin üzvü kimi, 1917 il sentyabrın sonunda Bakı fәhlәlәrinin ümumi tәtilinә rәhbәrlik etmişdir. Oktyabr çevrilişindәn (1917) sonra isә sovet Rusiyasının tәrәfdarı olmuşdur. Oktyabrın sonunda bolşevik Bakı Komitәsinin vә “Hümmәt” tәşkilatının siyahısı ilә şәhәr dumasına üzv seçilmişdir. Bolşevik partiyasının Qafqaz Diyar Komitәsi tәrәfindәn Cәnubi Qafqazdan Müәssislәr mәclisinә namizәdliyi irәli sürülәn bolşeviklәr içәrisindә Ə.-un da adı var idi.
1917 il oktyabrın 31-dә “Qәnaәt” kooperativ cәmiyyәtinin sәdr müavini, 1918 il yanvarın 31-dә Bakı qub. әrzaq tәşkilatlarının nәzarәtçi-tәlimatçısı tәyin olunmuşdur. Elә hәmin vaxt Qırmızı qvardiya dәstәlәri yaradan tәşkilat komissiyasının tәrkibinә seçilmişdir. 1918 ilin martında Azәrb. milli qüvvәlәrinә qarşı mübarizәdә fәal rol oynamışdır. İnqilabi Müdafiә Komitәsi tәrәfindәn Bakı ş. müsәlman hissәsinin mühafizә komissarı, az sonra isә qub. komissarı tәyin edilmiş, Bakı kәndlәrinә gedәrәk, әhalini sovet hakimiyyәti uğrunda mübarizәyә çağırmışdır. 1918 ilin aprelindә Şamaxı qәzasında vәziyyәti yoxlamaq üçün yaradılan fövqәladә tәhqiqat komissiyasına seçilmiş, Şamaxıda ermәnilәrin törәtdiklәri vәhşiliklәrdәn sarsılmış, burada baş verәnlәr haqqında ürәk ağrısı ilә mәlumat vermişdir.
S.Şaumyanın başçılıq etdiyi Bakı Xalq Komissarları Sovetinin (BXKS) qub. komissarı Ə. 1918 il mayın 9-da BXKS daxili işlәr komissarının müavini tәyin olunmuş, mayın 26–29-da Bakı qәzası kәndli deputatları sovetinin 1-ci qurultayının işindә fәal iştirak etmiş vә icraiyyә komitәsinin sәdri vәzifәsinә yüksәlmişdir. İyunun 9-da “Hümmәt” tәşkilatı komitәsinin fәxri sәdri seçilmişdir.
Bakı Sovetinin 25 iyul tarixli fövqәladә iclasında ingilis qoşunlarının Bakıya dәvәt olunması әleyhinә çıxmışdır. BXKS-nin süqutundan sonra qırmızı әsgәr dәstәsinin Bakıdan sovet Hәştәrxanına köçürülmәsini tәşkil etmiş, Bakının azad olunması uğrunda vuruşan Qafqaz İslam Ordusuna qarşı döyüşlәrdә iştirak etmişdir.
Avqustun 17-dә Bakı komissarları ilә birlikdә “Sentrokaspi diktaturası” tәrәfindәn hәbs edilmiş, sentyabrın 14-dәk hәbsxanada saxlanılmışdır. Sentyabrın 17-dә BXKS-nin digәr üzvlәri ilә birlikdә Zakaspi hökumәti tәrәfindәn hәbs edilib, Krasnovodskda (indiki Türkmәnbaşı) hәbsxanaya salınmış, sentyabrın 20-dә Krasnovodskdan 207 km aralı Ağcaqum çölündә güllәlәnmişdir.