ƏZRAİL (عزرائيل) – monoteist dinlәrdә ölüm mәlәyinin adı, islamda dörd müqәrrәb (Allaha yaxın) mәlәkdәn biri. Əhdiәtiqdә ölümgәtirәn mәlәkdәn bәhs olunur (2-ci Şamuel kitabı 24:15-17; 1-ci Salnamәlәr 21:15). Yәhudi mәnbәlәrindә “ölüm elçisi” olan Malax qa-mavetin adı çәkilir. Quranda vә sәhih hәdislәrdә Ə. adına rast gәlinmir. “Sәcdә” surәsindә insanın canını almağa mәmur edilmiş mәlәkdәn – “mәlәkül-mövt”dәn bәhs olunur (32:11). Rәvayәtә görә, Allah Adәmi yaradarkәn torpaq götürmәk üçün Cәbrayıl, Mikayıl vә İsrafili bir-birinin ardınca Yerә göndәrmiş, lakin heç biri Yerin müqavimәtini dәf edә bilmәmişdir. Yalnız Ə. bu әmri yerinә yetirmiş vә bundan sonra baş ölüm mәlәyi tәyin olunmuşdur. Ə.-in sәrәncamında bir neçә ölüm mәlәyi var. Bәzi ayәlәrdә (6:61; 7:37) onlar “elçilәrimiz” adlandırılır.