ƏZRAQİLƏR, әl-Əzariqә – Nafi ibn әl-Əzrәqin (685 ildә Əhvazda ölmüşdür) davamçıları; xaricilәrin әn barışmaz vә radikal qolu. Ə. icması İraqda 7 әsrin 80-ci illәrindә Əmәvilәr xilafәtinә vә şiәlәrә qarşı xaricilәrin bir qrupunun Nafi ibn әl-Əzrәqin başçılığı ilә qaldırdığı böyük üsyan zamanı yaranmışdı. O, әmir әl-möminin elan edilmiş vә 20 minlik qoşunu ilә Əhvazı, Farsı, Kirmanı tutmuşdu.
689–696 illәrdә Ə. әmәvi qoşunlarına bir neçә dәfә qalib gәlәrәk Xuzistanı әlә keçirmişdilәr. Ə. qulları azad edir, istismar olunanların müdafiәsindә durur vә bununla da kәnd әhalisinin, xüsusilә farsların dәstәyini qazanırdı. Lakin onların fikirlәrini bölüşmәyәn müsәlmanlara qarşı dözümsüzlüklәri vә qәddarlıqları Ə.-in sosial bazasını zәiflәdirdi. Digәr tәrәfdәn icmanın daxilindә әrәblәrlә farslar arasında düşmәnçilik baş qaldırmışdı. Əl-Əzrәqin ölümündәn sonra Qәtәri ibn әl-Fücaәnin başçılıq etdiyi Ə.-in qoşunları bir neçә dәstәyә parçalandı ki, bu da onların hәrbi gücünü azaltdı. Bir müddәtdәn sonra Əmәvilәrin İraqdakı canişini Hәccac Ə.-lәri mәğlub etdi. 699 ildә Qәtәri ibn әl-Fücaәnin öldürülmәsi ilә 15 il davam etmiş Ə. hәrәkatına son qoyuldu. Lakin Ə.-in çıxışları 8–9 әsrlәrdә hәlә davam edirdi. 8 әsrdәn başlayaraq İranda Ə.-in mәrkәzi Sistan olmuşdu. Aşağı İraqda vә Xuzistanda әzraqi Əli ibn Mәhәmmәdin başçılığı altında qaradәrili qulların üsyanı 14 il sürmüşdü.
Ə. bütün digәr xaricilәr kimi “әn layiqli”nin (әfzәl) imamlığını qәbul edirdilәr. “Kafirlәr”ә qarşı silahlı mübarizә aparan vә bu mübarizәyә digәr insanları da dәvәt edәn namizәdi onlar “әn layiqli” sayırdılar. Buna görә onlar Əli ibn Əbu Talibi, Osman ibn Əffanı, onların bütün tәrәfdarlarını, hәmçinin xaricilәrin üsyanlarına qoşulmayan bütün müsәlmanları kafir elan etmişdilәr. “İnancın mәqsәdәuyğun gizlәdilmәsi” (tәqiyyә) prinsipini qeyd-şәrtsiz rәdd edir, öz rәqiblәrinin әrazilәrini “kafir torpaqları” adlandırır, hәmin torpaqlarda yaşayan insanların qәtlә yetirilmәsini vacib bilirdilәr. Əl-Əzrәq “dini qәtl” prinsipinә sözsüz әmәl olunmasını tәlәb edir vә onun yalnız düşmәnlәrinә qarşı deyil, xarici üsyanları zamanı “evdә oturan” xaricilәrә qarşı da tәtbiqini vacib sayırdı. Bununla yanaşı, Ə. yәhudi vә xristianların öz peyğәmbәrlәri Musa vә İsanın tәlimlәrinә sadiq qaldıqları düşüncәsi ilә “dinindәn dönәnlәr”in qәtli prinsipini onlara şamil etmirdilәr.
Ə.-in ifrat qәddarlığı vә dözümsüzlüyü sonda müsәlmanların әksәriyyәti tәrәfindәn dini tәlimlәrinin rәdd olunması vә hәrbi mәğlubiyyәtlәri ilә nәticәlәndi.