FÁBİ MÁKSİM Kunktato r, Kvint (Quintus Fabius Maximus Cunctator) (e.ә. 275–203) – Qәdim Roma sәrkәrdәsi vә dövlәt xadimi. 5 dәfә konsul (e.ә. 233, 228, 215, 214, 209), 2 dәfә diktator (e.ә. 221, 217), hәmçinin senzor, senat prinsepsi vә s. seçilmişdir. İkinci Pun müharibәsi [bax Pun müharibәlәri (e.ә. 264–146)] dövründә Trazimeno gölü yaxınlığında (e.ә. 217) romalıların mәğlubiyyәtindәn sonra şәraitә müvafiq әn mәqsәdәuyğun strateji plan hazırlamışdı: hәlledici vuruşmadan yayınmaqla, Hannibalın ordusunu әrzaq vә azuqәdәn mәhrum etmәk vә tәdricәn zәiflәtmәk. Strateji planın qeyri-populyarlığı F.M.-ә Kunktator (Lәng) lәqәbini qazandırmış vә onun komandanlıqdan uzaqlaşdırılmasına sәbәb olmuşdu. Lakin bu taktikadan imtina nәticәsindә Kann yaxınlığındakı vuruşmada (e.ә. 216) romalıların mәğlubiyyәtindәn sonra Kunktator lәqәbi fәxri titula çevrilmişdi. Romadan ayrılmış Tarentin alınmasına görә triumfa (e.ә. 209) layiq görülmüşdü.