FABİÁN (lat. Fabianus) (tәqr. 200 – 20.1. 250, Roma) – Roma papası [236–250]. Hәyatı haqqında qısa mәlumatlar saxlanmışdır. Romada doğulduğu ehtimal edilir.
10.1.236 ildә, xristianların tәqib olunduğu imperator Maksiminin dövründә Roma kafedrasına seçilmişdi (F.-ın sәlәfi Anter [235–236] edam edilmişdi). F.-ın seçilmәsi ilә Roma katolik kilsәsi tarixindә papa vә antipapaların (bax hәmçinin İppolit Romalı) әdavәti nәticәsindә baş vermiş ilk parçalanma tamamilә aradan qalxmışdı.
F.-ın adı әnәnәvi olaraq Roma kilsә icmasının inzibati strukturunun yenidәn tәşkili – Romanın diakonların rәhbәrlik etdiyi 7 kilsә dairәsinә bölünmәsi ilә әlaqәlәndirilir. F. Romadakı xristian qәbiristanlıqlarında bәrpa işlәrinә başçılıq etmişdir; Filipp Ərәbin hakimiyyәti dövründә papa Pontian Romalının [230–235] vә İppolit Romalının cәsәdlәrinin qalıqlarının Sardiniyadan Romaya köçürülmәsinә nail olmuşdur. I Klimentlә yanaşı, F. әzabkeşlәrin hәyatına dair rәvayәtlәrdәn ibarәt ilk topluların tәrtibinin tәşәbbüsçüsü hesab edilir.