FAETÓNLAR (Phaeton) – faetonkimilәr fәsilәsini (Phaetontidae) әmәlә gәtirәn dәniz quşları cinsi. Uz. 70–90 sm, kütlәsi 230–500 q, açılmış halda qanadlarının uz. 90–100 sm-dir. Ayaqları qısa vә zәif, pәrdәlidir. Başı iri, dimdiyi konusşәkilli, qanadları uzun vә itiucludur. Lәlәk örtüyü çәhrayı, yaxud sarı çalarlı, qara naxışlı ağdır. Rәng detallarına, dimdiyinin vә quyruğunun rәnginә görә fәrqlәnәn 3 növü var. Gözәl uçur, yaxşı üzür, qәtiyyәtsiz gәzir. Tropik enliklәrin sahilboyu akvatoriyalarında yaşayır. Balıqlar, başıayaqlı molyusklar, iri xәrçәngkimilәrlә qidalanır. Dәniz üzәrindә uçaraq sürәtlә şığımaqla suya 1 m vә daha dәrinә baş vurub ov edir. Kleptoparazitizm (başqa balıqyeyәn quşların yemini әlindәn alır) qeyd olunmuşdur. Qaya çatlarında vә oyuqlarında cüt-cüt, yaxud 3–6 cütdәn ibarәt qruplarla yaşayır; hәr iki valideyn 1 yumurta üzәrindә 41– 45 gün kürt yatır. Ətcәbala sıx boz pәrqu ilә örtülü olur, 80–100 gündәn sonra uça bilir. F.-ın qohumluq әlaqәlәri mübahisәlidir; әvvәllәr fәsilә qutankimilәr dәstәsinә aid edilirdisә, indi xüsusi müstәqil Phaetontiformes dәstәsinә daxil edilir.
Гырмызыдимдик фаетон (Phaeton aethereus).