FAKSİMİLE RABİTƏSİ, fototeleqraf rabitәsi, fototeleqraf – tәrpәnmәz yastı tәsvirlәrin (mәtn, sxem, qrafik, illüstrasiya vә hәrf-rәqәm) elektrik rabitәsi kanalları ilә mәsafәyә ötürülmәsi vә onların surәtlәrinin qәbul mәntәqәsindә tәkrarlanması; faksimile aparatları vasitәsilә, adәtәn, telefon şәbәkәsi ilә hәyata keçirilir. İlk dәfә 1843 ildә şotland fiziki A.Beyn tәrpәnmәz tәsvirlәrin naqillәrlә elektromexaniki aparat vasitәsilә ötürülmәsini nümayiş etdirmiş vә patent almışdır. 1855 ildә italyan ixtiraçısı C.Kazelli “panteleqraf” adlandırdığı analoji qurğunu yaradaraq kommersiya mәqsәdilә istifadә üçün tәklif etmişdir. 1865–68 illәrdә Kazellinin aparatı Marsel–Paris, Paris–Lion vә s. rabitә xәtlәrindә tәtbiq olunmuşdur. 1920– 30-cu illәrdә F.r.-nin inkişafında yeni mәrhәlә fotoeffektin kәşfi, elektron lampaların vә elektrik rәqslәri güclәndiricilәrinin, hәmçinin şaxәlәndirilmiş rabitә xәtlәri vә kanallarının yaradılması ilә bağlıdır. 1953 ildә “fototeleqraf rabitәsi” termini daha ümumi olan “F.r.” ilә әvәzlәndi.
Faksimile aparatı (qısaca faks vә ya telefaks) iki әsas hissәdәn – ötürücü vә qәbuledicidәn ibarәtdir. Ötürücüdә işıq-optik sistemin formalaşdırdığı nazik işıq dәstәsi skanirlәyici qurğunun vasitәsilә orijinalın bütün sәthi üzrә hәrәkәt edir. Əks olunan işıq seli optik-elektrik çevirici vasitәsilә rabitә kanalı ilә ötürülәn videosiqnala çevrilir. Çox zaman tәsvirin ötürülmәsinin dürüstlüyünü artırmaq üçün orijinalın parlaqlığı (rәngi) barәdә informasiyanı daşıyan analoq videosiqnal rәqәmli koda çevrilir vә faksın qәbuledicisinә kodlaşdırılmış impulslar ardıcıllığı şәklindә verilir. Qәbuledicidә videosiqnal әksinә çevrilәrәk tәsvir (surәt) yaranır. Qәbul olunan tәsvirin yazılma üsulundan asılı olaraq surәt materialı kimi fotokağız vә fotoplyonka, elektroqrafik, elektrotermik, elektrokimyәvi, yaxud adi yazı kağızı tәtbiq edilir. Müasir faksimile aparatı skaner, surәtçıxartma aparatı, printer vә modemin funksiyalarını birlәşdirәn çoxfunksiyalı elektron qurğudur.
Panasonic KX-FC268RU-T faksimile aparatı.