FAQOSİTÓZ (yun. φάγος – udan, sit vә oz ) – birhüceyrәli orqanizmlәr, yaxud çoxhüceyrәli heyvan orqanizmlәrinin xüsusi hüceyrәlәri tәrәfindәn mikroskopik yad canlı obyektlәrin (bakteriyalar, hüceyrә fraqmentlәri) vә bәrk üzvi hissәciklәrin fәal tutulması vә udulması. F. hadisәsi İ.İ.Meçnikov tәrәfindәn 1882 ildә aşkar edilmişdir. Primitiv orqanizmlәrin qidalanması әsasında baş verir. Tәkamül prosesindә bu qabiliyyәt tәdricәn ixtisaslaşmış ayrı-ayrı hüceyrәlәrә, әvvәlcә hәzm, sonra isә birlәşdirici toxumanın xüsusi hüceyrәlәrinә, yәni çoxhüceyrәli orqanizmlәrdә mühafizә funksiyasını yerinә yetirәn faqositlәrә keçmişdir. Onurğasızlarda bunlar amöbositlәr adlanır. İnsanda, elәcә dә mәmәli heyvanlarda qan neytrofillәri (mikrofaqlar) fәal faqositlәrdir. İmmun sisteminin hәrәkәt fәallığına malik, F. qabiliyyәtli toxuma hüceyrәlәri makrofaqlar adlanır. Onlar orqanizmin müxtәlif toxumalarında mövcud olub, öz sәthlәrindә adgeziya molekulunu, anticisimlәr vә komplement üçün reseptorlar, hәmçinin yad makromolekulları, mikroorqanizmlәri vә hüceyrәlәri tanımağa imkan verәn spesifik reseptorlar daşıyır. Neytrofillәr xırda hissәciklәri (bakteriyalar vә i.a.), makrofaqlar isә daha iri hissәciklәri (mәhv olmuş hüceyrәlәri, onların nüvәlәrini, yaxud fraqmentlәri vә s.) uda bilirlәr. Qan makrofaqları monositlәr, birlәşdirici toxumada histiositlәr, qara ciyәrdә Kupfer hüceyrәlәri adlanır; hәmçinin qanyaradan orqanlarda, ağ ciyәr alveollarının divarında, qarın vә plevra boşluqlarında vardır.
F. prosesi enerji sәrfi tәlәb edir vә hәr şeydәn әvvәl hüceyrә membranı vә tәrkibindә çoxlu miqdarda hidrolitik fermentlәr olan hüceyrәdaxili orqanellәrin – yәni lizosomların fәallığı ilә әlaqәdardır. F. bir neçә ardıcıl mәrhәlәdәn ibarәtdir: әvvәlcә udulan hissәcik hüceyrә membranına yapışır, sonra onu bürüyәrәk sitoplazmaya doğru dartır; bu zaman faqosomа adlanan hüceyrәdaxili cisimcik yaranır. Hüceyrә lizosomlarından faqosoma daxil olan hidrolitik fermentlәr udulan hissәciklәri dә hәzm edir. F. başlıca olaraq iltihab zamanı, yaraların sağalmasında vә qeyri-spesifik immunitet faktoru kimi böyük rol oynayır.