FALÇILIQ (әr. الفال – uğurlu әlamәt sözündәn) – mәqsәdi gәlәcәk haqqında bilgi әldә etmәk olan magik tәcrübә. Ənәnәvi dinlәr üçün sәciyyәvi olmuş, dövlәt kultuna da (Qәdim Mesopotamiyada, Qәdim Yunanıstanda, Romada, Çindә vә s.) daxil idi. F.-ın әn çox yayılmış növü tәsadüfi әlamәtlәrә әsasәn gәlәcәk haqqında xәbәr vermәkdir. Bir sıra dinlәrdә gәlәcәyi görәn kahinlәr (yunanlarda orakullar, romalılarda avqurlar vә haruspiklәr vә s.) fәrqlәnirdilәr; onlar bәzәn trans vәziyyәtindә fala baxırdılar. Tarixin müxtәlif dövrlәrindә ayrı-ayrı mәdәniyyәtlәrdә tәtbiq edilәn başlıca fal növlәri – ulduz falı (horoskopiya), sәma cisimlәri ilә falabaxma (kosmomantiya), әl falı (xiromantiya), quşların uçuşuna vә sәsinә görә falabaxma (ornitomantiya), kart falı (kartomantiya), qurbanlıq heyvanın içalatına, xüsusәn qara ciyәrinә görә falabaxma (hepatoskopiya), qum (torpaq) falı (geomantiya), zәr falı (litomantiya), od falı (piromantiya), su falı (hidromantiya), rәqәm falı (arifmomantiya), çay vә qәhvә qalıqları ilә falabaxma vә s. olmuşdur. Sәmavi dinlәrdә (iudaizm, xristianlıq vә islam) böyük günahlardan sayılan F. qadağan edilmişdir.
Azәrb. xalq yaradıcılığında falabaxma müәyyәn ayinin icrası ilә niyyәtin hәyata keçib-keçmәyәcәyini öyrәnmәk tәcrübәsidir. Daha çox göz falı vә qulaq falı, düyü vә noxud ilә falabaxma, xüsusәn ilaxır çәrşәnbәdә icra olunan “vәsfi-hal” ayini yayılmışdır.