FALÉS MİLETLİ (qәdim yun. Θαλῆς ὁ Μιλήσιος) (tәqr. e.ә. 625–547) – qәdim yunan filosofu, siyasi xadim. Yunanıstanın yeddi müdrikindәn biri, Milet mәktәbinin banisidir. Rәvayәtә görә, Şәrq ölkәlәrini gәzmiş, Misir vә Babil kahinlәrindәn dәrs almışdır. Hәndәsәni Misirdәn Yunanıstana onun gәtirdiyi ehtimal edilir. F.M. hadisә vә şeylәrin bütün çoxcәhәtliliyini vahid әsasa (ilk ünsürә vә ya ilk başlanğıca) bağlayır, suyu hәr şeyin әsası hesab edirdi. Onun görüşlәri üçün hilozoizm sәciyyәvidir: “dünya canlıdır vә allahlarla doludur”. F.M. Homerin ardınca ruhu lәtif varlıq (efir) şәklindә tәsәvvürә gәtirirdi. O, fizika, hәndәsә vә astronomiyaya da dәrindәn bәlәd olmuş, gündönümlәri vә gecә-gündüz bәrabәrliklәrini hesablamışdır. Prokla görә, ilk dәfә hәndәsi teoremlәrin isbatı F.M.-yә aiddir. Bucağın tәrәflәrini kәsәn paralel düz xәtlәrin hәmin tәrәflәr üzәrindә bәrabәr parçalar ayırması haqqında “Fales teoremi” var. F.M. e.ә. 585 il Günәş tutulmasını öncәdәn demişdi.