FALLİBİLÍZM (orta әsrlәr lat. fallibilis – sәhvlәrә meyilli) – insana xas biliklәrin prinsipial “sәhvliyi”, yәni onların sәhvlәrә vә yanlışlıqlara meyilliliyi haqqında müddәa әtrafında toplanmış ideyalar mәcmusu. Mәnşәcә hәm dә status corruptionis (ilk günahla insan ağlının “korlanması”) haqqında dini tәlimә gedib çıxan bu müddәa elmi biliklәr sahәsindә Ç.S.Pirs tәrәfindәn yayılmışdır. Pirsә görә, hәr növ bilik kimi elm dә sәhvlәrә meyillidir, lakin o, “özünükorreksiya” qabiliyyәtinә malikdir, yәni özünün qәbul etdiyi qiymәtlәndirmә meyarları vә metodları ilә yanlışlıqlarını aradan qaldırır. Buna görә dә, elmin metodologiyasını qnoseologiyanın nәzәri әsası kimi nәzәrdәn keçirmәk olar. Elmdә hәqiqәtә yaxınlaşma yalnız mütәmadi olaraq sәhvlәrin düzәldilmәsi, nәticәlәrin tәkmillәşdirilmәsi, daha mükәmmәl fәrziyyәlәrin irәli sürülmәsi vasitәsilә mümkündür. Pirsin fikrincә, F. elmi araşdırma metodu kimi induksiyaya haqq qazandırır. Oxşar ideyalar K.Popper tәrәfindәn irәli sürülmüş saxtalaşdırılma prinsipinin әsasını tәşkil etmiş (bax Saxtalaşdırma), lakin Pirsә rәğmәn Popper bütün elmi biliklәrin prinsipial olaraq fәrziyyә xarakteri üzәrindә durmuş vә “tәkzib”i elmi metodologiyanın tәmәl daşı hesab etmişdir.