FALLO XƏSTƏLİYİ (tria das ı, tet ra das ı, penta das ı) – sianozla keçәn ürәyin anadangәlmә qüsuru. Ən çox yayılmış Fallo tetradasıdır (“göyәrmiş” qüsurların 75%-ni, ürәyin bütün qüsurlarının 8%-ni tәşkil edir); buna ağ ciyәr arteriyasının stenozu, mәdәciklәrarası çәpәrin yüksәk qüsuru, aortanın sağa transpozisiyası, sağ mәdәciyin hipertrofiyası qoşulur. Kiçik qan dövranına az hәcmdә qanın daxil olması (ağ ciyәr kötüyünün stenozuna görә) vә venoz qanın transpozisiya olunmuş aorta vә mәdәciklәrarası çәpәrin qüsuru ilә böyük qan dövranına qovulması ilә sәciyyәlәnir; bu pozulmanın dәrәcәsi ağ ciyәr arteriyası stenozunun ölçüsündәn asılıdır. Fallo tetradasının qulaqcıqlararası çәpәrin qüsuru ilә birlәşmәsi (pentada), yaxud qüsurun tәrkibindә aortanın dekstropozisiyasının olması (Fallo triadası) da mümkündür. Ürәyin belә anomaliyası olan uşaqlarda, bir qayda olaraq, fiziki vә zehni inkişafdan geri qalma, narahatlıq, әmizdirmә, qışqırma zamanı tәngnәfәslik, ümumi sianoz müşahidә olunur. Onlarda fiziki gәrginliyә qarşı dözüm azalır, ona görә dә yorulma zamanı onlar çömәlәrәk otururlar. Bu simptom pasiyentlәrin 40%-dә hәyatın birinci ilinin sonunda meydana çıxır. Əl vә ayaq barmaqlarının “tәbil çubuğu” formasında olması, dırnaqların “saat şüşәsi” şәklindә deformasiyası, ağır yastıayaqlıq, ümumi sianoz sәciyyәvidir. Perkussiya zamanı ürәyin sәrhәdinin azacıq sola genişlәnmәsi aşkar olunur. Auskultasiyada ağ ciyәr arteriyası üzәrindә II tonun zәiflәmәsi, döş sümüyünün sol kәnarında kobud sistolik küy (“qovma küyü”), taxikardiya qeyd olunur. Sistolik vә nәbz tәzyiqi azalır. Belә uşaqlarda tez-tez gözlәnilmәz hipoksiya tutmaları (tövşümә-sianozlu) baş verir vә bu, uşağın hәyәcanlanması, tәnәffüsün tezlәşmәsi, sianozun güclәnmәsi, bәzәn huşun itmәsi vә qıc olmalarla meydana çıxır. Tutmalar çox vaxt 2 yaşa qәdәr uşaqlarda olur vә dәmir defisitli anemiya olduqda bir neçә dәqiqәdәn 8–10 saata qәdәr çәkir.
Anatomik pozulmanın tipini dәqiqlәşdirmәyә vә digәr qüsurları istisna etmәyә imkan verәn ürәyin kateterizasiyası vә angioqrafiya mühüm diaqnostik üsullara aiddir.
Selektiv sağ ventrikuloqrafiyanın böyük diaqnostik әhәmiyyәti vardır. Kontrast maddәnin yeridilmәsi çoxlu trabekulalı sağ mәdәcik konturlarını görmәyә imkan verir. Bununla bәrabәr uzunluğuna, eninә, konturuna vә divarın elastikliyinә görә qıfabәnzәr stenozun şәkildәyişmәlәri aşkar edilir. Sol ventrikuloqrafiyada mәdәciyin ölçüsü, mәdәciklәrarası divarda qüsurun lokalizasiyası tәyin edilir.
Cәrrahi müalicәdә iki növ әmәliyyat nәzәrdә tutulur: palliativ (aorta qövsü ilә ağ ciyәr kötüyünün sağ şaxәsi arasında anastomozun qoyulması) vә radikal (ağ ciyәr arteriyasının plastikası).