FALUNQÚN, Falun dafa (Çin dilindә falun – qanun çarxı; qun – ruhani enerji; dafa – Buddanın böyük qanunu) – әsası 1990-cı illәrin әvvәllәrindә çiqun gimnastikası (Çin әnәnәvi bioenergetik mәşqlәrinin ümumi adı) müәllimi Li Hunçji (d. 1952) tәrәfindәn qoyulmuş yeni dini hәrәkat. F. tәlimi buddizm, konfusiçilik vә daosizmdәn qaynaqlanır. Bu tәlimә görә, ruhani inkişaf fiziki mәşqlәr, meditasiyalar vә F.-un üç әsas dәyәrinә (Hәqiqәt, Mәrhәmәt, Sәbir) ciddi riayәtlә әldә edilir. F. praktikasına tәmrinlәrdәn ibarәt beş kompleksin (qunfa) icrası, öz sinsininin (xarakter, temperament) tәkmillәşdirilmәsi vә Li Hunçjinin mәtnlәrinin qiraәti daxildir.
Li Hunçji әvvәlcә hәrәkatı tәbii şәfa haqqında çiqun tәliminin bir növü kimi qeydiyyatdan keçirmişdi. Sonradan F.-un ruhani tәrәfi önә çәkildiyi üçün onun adı Çin Çiqun Araşdırmaları Cәmiyyәtinin siyahısından çıxarılmışdır (1996). Rәsmi mәlumata görә, Çindә 1990-cı illәrin ortalarında F. ardıcıllarının sayı 2 mln.-a çatırdı. 1998 ildә Çin Buddist Assosiasiyası F.-u buddizmә zidd elan etdikdәn sonra Li Hunçji ABŞ-a köçmüşdür. 1999 ilin iyulunda Çindә F.-un fәaliyyәtinә rәsmәn qadağa qoyulmuşdur.