FAM VAN DONQ (Phạm Văn Đồnq) (1.3.1906, Kuanqnam әyalәti – 29.4.2000, Hanoy) – Vyetnam dövlәt vә siyasi xadimi. Kәndli ailәsindәn idi. Hanoy kollecindә tәhsil almışdır. 1926 ildә Vyetnam İnqilabi Gәnclәr Cәmiyyәtinә, 1930 ildә Hind-Çin Kommunist Partiyasına daxil olmuşdur. 1929 ildә Fransa müstәmlәkә idarәsi tәrәfindәn hәbs olunaraq 10 il azadlıqdan mәhrum edilmişdir. Fransada Xalq cәbhәsi hökumәti hakimiyyәtә gәldikdәn sonra 1936 ildә azad olunmuşdur. 1941 ildә Vyetnamın (Vyetmin) müstәqilliyi uğrunda mübarizә liqasının, 1941– 45 illәrdә Şimali Vyetnamda inqilabi bazaların yaradılmasında iştirak etmişdir. 1945 ildә Vyetnam Milli Azadlıq Komitәsinin, Vyetnamda Avqust inqilabından (1945) sonra Vyetnam Demokratik Respublikası (VDR) Müvәqqәti hökumәtinin üzvü idi. 1949–55 illәrdә baş nazirin müavini, 1954 ildәn VDR xarici işlәr naziri olmuşdur. 1954 ildә Hind-Çin üzrә xarici işlәr nazirlәrinin Cenevrә müşavirәsindә VDR nümayәndә heyәtinә başçılıq etmişdir. Vyetnamın müstәqilliyinә dair Fransa ilә müqavilәnin bağlanmasında hәlledici rol oynamışdır. 1955 ilin sentyabrından baş nazir (1976 ilәdәk) vә xarici işlәr naziri (1961 ilәdәk), Cәnubi Vyetnamla birlәşdikdәn sonra 1976 ilin iyulundan birlәşmiş Vyetnam Sosialist Respublikasının baş naziri (1987 ilәdәk) olmuşdur.