FÁMA Yucin Frensis (d.14.2.1939, Boston) – Amerika iqtisadçısı, Nobel mükafatı laureatı (2013, R.Şiller vә L.P.Hansenlә birgә). Tafts Un-tindә bakalavr (1960) vә Çikaqo Un-tindә (1964) fәlsәfә doktoru (iqtisadiyyat vә maliyyә) dәrәcәsini almışdır. 1963 ildәn Çikaqo Un-tinin müәllimidir. F.-nın irәli sürdüyü “sәmәrәli bazar fәrziyyәsi”nә görә qiymәtli kağızların dәyәri şirkәt haqqında bütün mәlumatları әks etdirir. F. bazarın sәmәrәliliyinin üç formasını fәrqlәndirir: zәif, orta vә güclü. Zәif olduqda, cari qiymәtlәr daim aktivlәrin әvvәlki qiymәtlәrini әks etdirir, aktivlәr isә әlçatan mәlumatları hesaba almaqla cari qiymәtlәri müәyyәn edir. Orta formada bütün açıq informasiya (әvvәlki qiymәtlәr, şirkәtlәrin mәlumatları, maliyyә hesabatları, xarici vәziyyәt) aktivin qiymәtinә daxil edilir. Güclü formada xüsusi vә insayder mәlumatları bazar qiymәtlәrinә tez tәsir göstәrir.
F.-nın metodu bazardakı bütün alınansatılan sәhmlәrin dinamikasını eyni zamanda tәhlil etmәyә imkan verir. Onun tәdqiqatlarının nәticәlәri investisiya fondları sәnayesinә tәsir göstәrdi: bazar indekslәrinin ardınca gedәn fondlar yarandı.
Əsәrlәri: The behaivior of stock market-prices // Journal of Business. 1965. Vol. 38. №1; The adjustment of stock prices to new information// International Economic Review. 1969. №10 (co-author); Efficient capital markets: A review of theory and empirical work // Journal of Finance. 1970. №25; Foundations of finance. N.Y., 1976.