FAN İÇJİ, Fan Miçji, Fan Manqun (1611, Anxoy әyalәti, Tunçen – 8.11.1671, Szyansi әyalәti, Vanyan) – Çin filosofu, ensiklopediyaçı-alim. Alim vә әyanlar ailәsindәn çıxmışdır. 1640 ildә szinşi dәrәcәsini almış vә Hanlin akademiyasında tarixnәvis vәzifәsini tutmuşdur. Sin sülalәsi hakimiyyәtә gәldikdәn sonra 1644 ildә cәnuba qaçmışdır; 1650 ildә buddist rahibi olmuşdur. F.İ.-nin dövrümüzәdәk saxlanılmış әsәrlәrindәn (“Tun-ya” – “Klassikaya nüfuzetmә”; “Dun-si szyun” – “Tәrәflәrin bәrabәrliyi” vә s.) әn mühümü “U-li syao-şi” (“Şeylәrin prinsiplәri haqqında ilkin mәlumatlar”) әsәridir; burada F.İ.-yә mәlum olan elmi biliklәr (o cümlәdәn astronomiya, meteorologiya, coğrafiya, mineralogiya, botanika, zoologiya, musiqişünaslıq, tәbabәt, okkult elmlәri vә s. üzrә) yer almış vә onlar 3 sahәyә (fәlsәfә, tәbiyyatşünaslıq vә idarәçilik) bölünmәklә tәsnif edilmişdir.
F.İ. Çindә ilk dәfә vahid reallığın iki tәrәfini izah edәn “fәlsәfә” (“tun-szi” – “ilkin impulslara nüfuzetmә”) vә “elm”in (“çji se– “tәbiәtşünaslıq”) fәrqlәndirilmәsi üçün terminlәr tәklif etmişdir. Bu zaman o, Qәrb tәlimlәri üçün “ruhi işıq”dan mәhrum olan “tәbiәtşünaslığ”a, Çin “prinsip haqqında tәlim”i (li-syue, bax Neokonfusiçilik) üçün şeylәrdәn qoparılmış “ilkin impulslara nüfuzetmә”yә meyillәnmәni sәciyyәvi sayırdı. Fәlsәfә vә elmin harmoniyasını “Dәyişikliklәr kanonu”nun (“İ-szin”) ümumi metodoloji “rәmzlәr vә әdәdlәr haqqında tәlim”i (syan şu çji syue) tәmin edir. F.İ. varlıq konsepsiyasında “beş stixiya/element” (u sin) arasında mәrkәzi mövqeyә malik vә ümumdünya pnevması (si) ilә eyni olan odu fәrqlәndirirdi. Ömrünün son illәrindә F.İ. varlığın әsasını “böyük vahid” (da i), yaxud “hәqiqi vahid” (çjen i) kimi tanımaqla konfusiçiliyi, daosizmi vә buddizmi birlәşdirmәyә çalışırdı.