FÁNTİ KONFEDERASİYASI – 1) Atlantika okeanı sahillәrindә, Qәrbi Afrikada (indiki Qana әrazisindә) fantilәrin icma birliklәri ittifaqı. 18 әsrin әvvәllәrindә Aşanti konfederasiyası ilә mübarizә mәqsәdilә yaradılmışdı; 18 әsrin ortalarında Şәrq (Boroboro) vә Qәrb (Ekumfi) konfederasiyalarına parçalanmışdı. 19 әsrdә ingilislәrin tәrәfindә İngiltәrә–Aşanti müharibәlәrindә iştirak etmişdir. 2) Fantilәrin Qvineya körfәzi sahillәrindә 1868–73 illәrdә mövcud olmuş erkәn siyasi qurumu. Paytaxtı Mankesim idi. Müstәqillik uğrunda mübarizә şәraitindә formalaşmış konfederasiyanı prezident vә ağsaqqallar şurası idarә edirdi. 1871 ildә konstitusiyası qәbul olunmuşdu. 1902 ildәn Britaniyanın Qızıl Sahil müstәmlәkәsinin tәrkibindә idi.