FAO (ing. Food and Agriculture Organization of the United Nations – Birlәşmiş Millәtlәr Tәşkilatının әrzaq vә kәnd tәsәrrüfatı tәşkilatı) – kәnd vә meşә tәsәrrüfatı, balıqçılıq, k.t. rayonlarının inkişafı üçün yaradılmış hökumәtlәrarası tәşkilat. Fәaliyyәtinin әsas mәqsәdlәri: istehsalın sәmәrәliliyinin yüksәldilmәsi vә әrzaq mәhsullarının bölüşdürülmәsi, dünya iqtisadiyyatının artımına yardım edilmәsi vә bәşәriyyәtin aclıqdan qurtulması.
1945 il oktyabrın 16-da Kvebek konfransında yaradılmışdır. Mәnzil-qәrargahı әvvәlcә Vaşinqtonda (ABŞ) olmuş, 1951 ildәn Romada (İtaliya) yerlәşir. FAO 7 deptdәn (administrasiya vә maliyyә; k.t. vә istehlakçıların müdafiәsi; iqtisadi vә sosial inkişaf; balıqçılıq vә dәniz mәhsulları; meşә tәsәrrüfatı; tәbii resurslardan istifadә vә әtraf mühit; texniki әmәkdaşlıq) ibarәtdir. 197 üzvü var: 194-ü üzv dövlәt, 1-i üzv tәşkilat (Aİ) vә 2-si assosiasiya olunmuş (Farer a-rı vә Tokelau) üzvdür (2013). 191 ölkәdә fәaliyyәt göstәrir, 130dan çox ölkәdә (o cümlәdәn Azәrb.-da) daimi nümayәndәliyi var. FAO-nun rәhbәr orqanları: mühüm siyasi mәsәlәlәrin nәzәrdәn keçirilmәsi, strategiya vә büdcәnin tәsdiqlәnmәsi üçün çağırılan (2 ildәn bir) Konfrans; Şura (49 üzv ölkә; rotasiya әsasında 3 il müddәtinә) tәşkilatın cari fәaliyyәtinә rәhbәrlik edir. FAO-ya rәhbәrlik edәn baş direktoru Konfrans seçir. 1979 ildә Konfrans 16 oktyabrı (FAO-nun yaranma günü) Beynәlxalq әrzaq günü elan etmişdir. FAO-nun maliyyә resursları dövlәtlәrin üzvlük haqqı vә könüllü pul köçürmәlәri hesabına formalaşır. 2016–17 il üçün büdcә 2,6 mlrd. dollar tәşkil etmişdir, onun 39%-i üzvlük haqqı, 61%-i dövlәtlәrin vә digәr tәrәfdaşların könüllü pul köçürmәlәridir.
Fәaliyyәt istiqamәtlәri: informasiyanın yığılması, tәhlili vә yayılması; kәnd, meşә vә balıqçılıq tәsәrrüfatlarının dayanıqlı inkişafı üçün görülәn tәdbirlәrin dәstәklәnmәsi; milli sәviyyәdә sәmәrәli aqrostrukturun formalaşdırılması; texniki dәstәk layihәlәrinin reallaşdırılması; monitorinq vә tәbii fәlakәt riski haqqında әvvәlcәdәn xәbәrdarlıq. FAO-nun prioritetlәrinә daxildir: k.t.-nın genetik resurslarının vә әrzaq qismindә istifadә olunan bitki vә heyvanların biomüxtәlifliyinin qorunub saxlanılması; baytarlıq vә ev heyvanları arasında epidemiyalara qarşı mübarizә; әrzaq itkilәrinin qabaqlanması vә qida tullantılarının azaldılması. FAO-nun mәlumatlarına әsasәn dünya üzrә heyvandarlıq mәhsullarının 90%-i 30 növ ev heyvanı vә quşlarının 14 növü ilә ödәnilir. 1983 ildә FAO çәrçivәsindә hökumәtlәrarası forum – әrzaq istehsalı vә k.t.-nın aparılması üçün genetik resurslar üzrә Komissiya yaradılmışdır. Komissiyanın mәlumatlarına görә, dünyada tәqr. 8300 ev heyvanı cinsi var, onlardan artıq 8%-inin nәsli kәsilmiş, 22%-inin isә nәsli kәsilmәk üzrәdir.
Azәrb. Resp. 1995 ildәn FAO-ya üzvdür. FAO ilә әmәkdaşlıq çәrçivәsindә 1995–2015 illәr әrzindә bütövlükdә 23 layihә hәyata keçirilmişdir. Hazırda toxumçuluq, ekoloji tәmiz k.t., heyvandarlıq, o cümlәdәn arıçılıq sahәsindә mәhsuldarlığın artırılması, damazlıq işinin yaxşılaşdırılması, fitosanitar xidmәtlәrin güclәndirilmәsi vә digәr sahәlәrin inkişafına yönәldilmiş 2si regional, 7-si yerli olmaq üzrә ümumilikdә 9 layihә hәyata keçirilir.