FARABİ ( الفارابي) Əbu Nәsr Mәhәmmәd ibn Mәhәmmәd [871/872, Farab (Qazax., indiki Otrar r-nunda şәhәr yeri) – 950, Dәmәşq] – Şәrq filosofu, ensiklopediyaçı alim. Hәrbi qulluqçu ailәsindә doğulmuşdur. Kiçik yaşlarından tәhsil almağa başlamış, bir sıra dillәri mükәmmәl mәnimsәmişdir. Bağdadda Əbu Bişr Mәttә ibn Yunisdәn, Hәrranda Yuhәnna ibn Heylandan dәrs almış, mәntiq vә fәlsәfә elmlәrinә dәrindәn yiyәlәnmişdir. 941 ildә Dәmәşqә köçmüşdür. “Fima yәnbәği әn yuqәddimә qәblә tәәllum әl-fәlsәfә” (“Fәlsәfәni öyrәnmәkdәn әvvәl nәyin müqәddimә verilmәsi haqqında”), “Tәhsil әs-sәadә” (“Xoşbәxtliyin әldә edilmәsi”), “Kitab ihsa әl-ülum” (“Elmlәrin siyahıya alınması haqqında kitab”), “Ara әhl әl-mәdinәt әl-fazilә” (“Fәzilәtli şәhәr әhlinin baxışları”), “Fi mәani әl-әql” (“Əql [sözünün] mәnalarına dair”), “әl-Cәm beynә rәy әl-hәkimey Əflatun әlilahi vә Aristutalis” (“İki filosofun – ilahi Platon vә Aristotelin baxışlarında ümumilik”), “Əğrad Aristutalis fi kitab ma bәәd әt-tәbiә” (“Metafizika kitabında Aristotelin mәqsәdi”) vә s. elmi-fәlsәfi әsәrlәrin müәllifidir. Aristotelin, Ptolemeyin, Porfirinin, Afrodisili Aleksandrın әsәrlәrini şәrh etmiş, Şәrqdә “Birinci müәllim” kimi tanınan Aristoteldәn sonra “Müәllimi-sani” (“İkinci müәllim”) fәxri adını almışdır. Mәnbәlәrdә ondan “әl-Filisuf әt-türki” (әr. türk filosofu) kimi bәhs edilir.
Musiqi sahәsindә “Müәllimi-әvvәl” kimi tanınan F.-nin Yaxın vә Orta Şәrqin orta әsrlәr klassik musiqisinә dair әn sanballı abidәlәrindәn sayılan “Kitab әl-musiqi әlkәbir” (“Musiqi haqqında böyük kitab”) әsәri әslindә onun “Ət-tәalim әs-sani” (“İkinci tәlim”) ensiklopedik çoxcildliyinin hissәlәrindәn biridir. F.-yә görә, sәslәrin vә intervalların qavrayışında riyazi hesablamalar deyil, eşitmә әsas rol oynayır. O, mәqam, ritm mәsәlәlәrini işlәmiş, janrlardan, musiqi alәtlәrindәn vә s.-dәn bәhs etmişdir. F. özünün mәqam nәzәriyyәsi üçün әvvәlcә ud, sonra isә tәnbur alәtlәrinin qolundan model kimi istifadә etmişdir; sәsin yüksәkliyini әrәb әlifbasının әbcәd sistemi vә rәqәmlәrlә, ritmi isә hecalar sistemi ilә göstәrmişdir. İbn Sinanın, Sәfiәddin Urmәvinin musiqi-nәzәri baxışlarına F.-nin tәsiri olmuşdur. Nәcmәddin Kövkәbi, Mir Möhsün Nәvvab vә bir çox digәr alim-musiqiçilәr F.-yә isnad etmişlәr. “Kitab әl-iqaat” (“Ritmlәr kitabı”), “Kitab ihsa әl-iqaat” (“Ritmlәrin tәsnifatı haqqında kitab”), hәmçinin “Kitab ihsa әl-ülum” vә “Əsl әlülum” (“Elmlәrin mәnşәyi haqqında”) kitablarının hissәlәri F.-nin musiqi mövzusunda yazdığı әsәrlәridir.
“Elmlәrin siyahıya alınması” (bәzi dillәrә, o cümlәdәn Azәrb. dilinә “Elmlәrin tәsnifatı” adı ilә tәrcümә olunmuşdur) әsәrindә dövrünün elmlәrini beş bölmәyә, onları da müxtәlif qisimlәrә ayırmışdır: 1) dil elmi, 2) mәntiq elmi, 3) tәlimlәr elmi (cәbr, hәndәsә, optika, astronomiya, musiqi, mexanika), 4) tәbii vә ilahi elmlәr (fizika vә metafizika), 5) mәdәni elmlәr (әxlaq, siyasәt, fiqh, kәlam). F. әn böyük uğurunu mәntiq sahәsindә qazanmışdır. Mәntiqi müstәqil bir elm kimi qiymәtlәndirәn F. onu “tәsәvvürat” (anlayışlar) vә “tәsdiqat” (hökmlәr, mülahizәlәr) olmaqla iki sahәyә ayırır, dil vә mәntiq arasında yaxın әlaqәnin olduğunu göstәrirdi.
Dini-fәlsәfi ideyaları. F.-nin fәlsәfәsi determinist vә mәqsәdlidir. F.-yә görә, fәlsәfә bu baxımdan varlıq haqqında hәr şeyi әhatә edәn, yәni universal elmdir. Bütün varlıq sәbәb-nәticә әlaqәsindә mövcuddur.
F. öz ontoloji tәlimindә varlıqları әn mükәmmәl olan “ilk sәbәb”dәn (Allah) ilk maddәyә (hәyula) qәdәr sıralandırırdı. Varlığın ilk tәbәqәsi (Allah) digәr varlıqların sәbәbidir. Sonrakı tәbәqә “ikincilәr” (әs-sәvani) vә “maddәdәn ayrı ağıllar” (әl-uqulül-müfariqә) adlanan, doqquz ağıldan ibarәt varlıq sahәsidir. -nin mәlәklәr mәrtәbәsindә qәrarlaşdırdığı bu ağıllar hәm üçüncü varlıq tәbәqәsini meydana gәtirәn “fәal ağıl”ın, hәm dә göy qübbәsinin mövcudiyyәt sәbәblәridir. Dördüncü tәbәqәdә nәfs (can) yerlәşir. Beşinci vә altıncı tәbәqәlәrin birlәşmәsindәn dörd ünsür (torpaq, su, hava vә od) yaranır. Mümkün varlıq sferası mahiyyәt etibarilә ilkin sәbәb olan zәruri varlıqdan (“vacibül-vücud”) sonra götürülsә dә, zamanca onunla birgә әzәli vә әbәdidir. F.-nin kainatın zamansız mövcudluğu haqqındakı bu doktrinası başda Qәzzali olmaqla, islam mütәfәkkirlәri tәrәfindәn tәnqid edilmişdir. F. cövhәrlәri (aksidensiyaları) ilk vә ikinci olaraq tәsnif edirdi. İlk cövhәrlәr maddi varlıq sahәsini әhatә edәn fәrdlәr vә cüzvi varlıqlardır.
İnsan ağlının mücәrrәdlәşdirmә funksiyası nәticәsindә ilk cövhәrlәrdәn әldә edilәn universal anlayışlar isә ikinci cövhәrlәrdir.
İslam fәlsәfәsi tarixindә ilk dәfә F. dini әnәnәdәn kәnara çıxaraq, Allah-varlıq әlaqәsini “südur” (emanasiya), yaxud kosmik ağıllar nәzәriyyәsi ilә nәzәrdәn keçirmiş, bununla da әzәli olanla sonradan yaradılan, dәyişmәyәnlә dәyişәn, mütlәq olanla mümkün olan varlıqlar arasındakı әlaqәni göstәrmәyә, bütün kainatı iyerarxik bir sistem içindә şәrh etmәyә çalışmışdır (hәmçinin bax Südur nәzәriyyәsi). Filosofun fikrincә, ilk ağılın Allahı düşünmәsindәn ikinci ağıl, özünün mümkün varlıq olduğunu düşünmәsindәn isә birinci fәlәyin (göyün birinci tәbәqәsinin) nәfsi vә maddәsi әmәlә gәlmişdir. İkinci ağıl da ilk ağıla nisbәtәn zәruri, özünә nisbәtәn mümkün varlıqdır. Bu ağılın Allahı düşünmәsiylә üçüncü ağıl, özünün mümkün varlıq olduğunu düşünmәsi nәticәsindә isә ikinci fәlәk, yәni sabit ulduzlar kürәsinin nәfsi vә maddәsi meydana gәlmiş, hәmin qayda üzrә emanasiya fәal ağıl adlanan onuncu ağıla qәdәr davam etmişdir. Ayaltı alәmdә hәr şey – dörd ünsür, onlardan tәşәkkül tapmış cisimlәr (minerallar, bitkilәr vә heyvanlar), insan, onun ağlı vә nәfsi fәal ağılın törәmәsidir. F.-nin kainatın yaradılışı haqqındakı fikirlәri Qurana, Aristotelә vә neoplatonçu fәlsәfәyә әsaslanır. Bu onun dinlә fәlsәfәni uzlaşdırmaq cәhdi idi. F. peyğәmbәrlik anlayışını da bu şәkildә şәrh edәrәk, din vә fәlsәfәnin eyni qaynaqdan, yәni fәal ağıldan gәldiyini, aralarında mahiyyәt fәrqi deyil, sadәcә dәrәcә fәrqinin olduğunu qeyd edirdi. Ona görә, hәr peyğәmbәr filosofdur, ancaq hәr filosof peyğәmbәr deyil.
Aristotel kimi F. dә bir tәrәfdәn nәfsi “potensial formada olan tәbii üzvi cismin ilkin yetkinliyi” kimi şәrh edir, digәr tәrәfdәn nәfsin bәdәnin surәti olduğunu irәli sürürdü. O, nәfsin potensiya, yetkinlik (kamal) vә surәt olmaqla üç xüsusiyyәtini qeyd edir, nәfsin bәdәndәn ayrı mәnәvi bir cövhәr olduğunu vә bәdәndәn sonra da varlığını davam etdirәcәyini bildirirdi. F. Platonun müdafiә etdiyi metempsixoz (ruhun bәdәndәn bәdәnә köçmәsi) ideyasını rәdd edәrәk, hәr bәdәnin bir ruhu olduğu fikrini irәli sürürdü. Onun ruhun ölümsüzlüyü ilә bağlı fikirlәri ziddiyyәtlidir, belә ki, o, bir tәrәfdәn hәr nәfsin ölümsüz olduğunu bildirәrkәn, digәr tәrәfdәn ölümsüzlüyün ancaq әqli bacarıqlarını inkişaf etdirәnlәrin haqqı olduğunu qeyd edirdi. İkinci mövqedәn çıxış edәrәk, nәfslәri üç kateqoriyada sәciyyәlәndirәn F.-yә görә, cahillәrin nәfsi bәdәnlә birlikdә әbәdiyyәn yox olacaqdır; günahkarların nәfsi ölümsüzdür, ancaq әbәdi olaraq cәza çәkәcәkdir; hikmәt sahiblәrinin nәfsi әbәdiyyәn xoşbәxt olacaqdır. Platon kimi F. dә nәfsi nәbati (bitkilәrә xas can), heyvani (heyvanlara xas can) vә insani (“düşünәn can”) olmaqla üç qismә ayırır, duyğu vә tәfәkkürü nәfsin xassәlәrindәn sayaraq, idraki fәaliyyәtin bәdәnin müvafiq üzvlәrindәn asılı olduğunu bildirirdi. Platonun “fitri ideyalar” nәzәriyyәsini rәdd edәn F.-yә görә, şeylәrin zahiri cәhәtlәri hisslәr vasitәsilә qavranılır, şeylәrin mahiyyәtinin dәrki isә yalnız ağılın sayәsindә mümkündür. İslam filosofları arasında ağıl mәfhumunu müxtәlif әsәrlәrindә hәrtәrәfli şәkildә incәlәyәn F. olmuşdur. Ona görә, ağıl әmәli vә nәzәri olur. İnsana xas bütün ölçülü davranışların yaranmasına sәbәb әmәli ağıldır. Nәzәri ağıl isә nәfs cövhәrinin formalaşaraq ağıl cövhәrinә çevrilmәsindәn ibarәtdir. Nәzәri ağıl hәyulani (potensial), bilmәlәkә (real) vә müstәfad ağıl olaraq üç sәviyyәdә cәmlәnir.
F.-nin әxlaq fәlsәfәsinin tәmәlini tәhsil vә düzgün davranışlar, son hәdәfini isә xoşbәxtlik tәşkil edir. Onun fikrincә, hәqiqi vә әn yüksәk xoşbәxtlik elmlә aydınlanmaqdır. Bu da insan ağlının maddәnin әsarәtindәn azad olaraq kamillәşmәsi, mәnәvi bir varlıq olan fәal ağılla әlaqә (ittisal) yaratması vә universal elmlә aydınlanması hadisәsidir. Belә xoşbәxtliyә isә peyğәmbәrlәr vә filosoflar çata bilәr. F. cәmiyyәtlәrin tam inkişaf etmiş – kiçik (şәhәr), orta (dövlәt), böyük (birlәşmiş dövlәtlәr) vә az inkişaf etmiş (ailә, küçә, mәhәllә vә kәnd) olaraq ikili tәsnifini irәli sürürdü.
F. Kindidәn sonra mәşşaiyyә mәktәbinin ikinci qurucusudur. Ən mәşhur tәlәbәlәri Yәhya ibn Ədi, Əbu Süleyman Sicistani, Əbu Bәkr Adәmi, Əbu Hәyyan Tövhidi, İsa ibn Əli vә b. olmuşlar. Onun zәngin irsi uzun müddәt dünya elm vә fәlsәfәsinin inkişaf istiqamәtini müәyyәnlәşdirmiş, Şәrq vә Avropa filosofları üçün әvәzsiz mәnbә olmuşdur.
Фарабинин абидяси. Алматы (Газахыстан).
Щейкялтяраш Серэебайев Й.А.