FARAS (yun. Παχώρας) – Sudan Nubiyasının (Sudan Respublikası) şm.-ında, Misir Ərәb Respublikası ilә sәrhәddә kәnd. Burada Orta vә Yeni çarlıqlar dövrlәrindә Hatşepsut, III Tutmos, Tutanxamon, II Ramses tәrәfindәn qalalar vә mәbәdlәr ucaldılmışdı. Sonralar Meroe çarı canişininin vә ya yerli hakimin iqamәtgahı idi. 6 әsrin ortalarından F. Nubiyanın şm. hissәsindә yerlәşәn Nobatiya (Nobadiya) dövlәtinin paytaxtı olmuşdur. 10–11 әsrlәrә qәdәr yepiskopun taxtı da (xristianlıq Bizansın tәsirilә qәbul edilmişdi) burada yerlәşirdi. Amerikan alimlәri D.Maylhemin (1909–12) vә F.Qriffitin (1910–12) apardığı qazıntılar nәticәsindә Qәdim Misir mәbәdlәrinin vә 2 kilsәnin xarabalıqları, hәmçinin Meroe nekropolları vә “qәsr” aşkar olunmuşdur. 1961–64 illәrdә K.Mixalovskinin rәhbәrliyi altında Polşa arxeoloqlarının apardıqları qazıntılar zamanı Qәdim Misir mәbәdlәrinin (497 otaqlı) vә Meroe dövrünә aid tikililәrin yeni qalıqları, yepiskopların qәbirlәri vә әvvәllәr mәlum olmayan, 12 әsrdә tәrk edilmiş baş kilsә vә kilsәlәr tapılmışdır. Baş kilsәdә 7–11 әsrlәrә aid çox yaxşı saxlanılmış 169 freska (o cümlәdәn bir sıra portret) aşkar edilmişdir. Nubiya cizgilәri daşıyan vә Bizans incәsәnәtinin gözәl nümunәlәri olan freskalar Bizans boyakarlığının öyrәnilmәsindә böyük әhәmiyyәtә malikdir.