FARENHÉYT (Fahrenheit) Daniel Qabriel (24.5.1686, Dantsiq, indiki Qdansk – 16.9.1736, Haaqa) – alman fiziki, London Kral Cәmiyyәtinin üzvü (1724). Tacir ailәsindәndir. Fizikanı Almaniyada, B.Britaniyada vә Niderlandda öyrәnmişdir. Suyun qaynama temp-runun atm. tәzyiqindәn vә duzların miqdarından asılılığını tәdqiq etmiş, suyun ifrat soyuma hadisәsini aşkar etmişdir. Dәqiq ölçü cihazları: spirt (1709) vә civә (1714) termometrlәri, areometr, gipsotermometr, altimetr vә s. hazırlamışdır. Temp-r şkalasını tәklif etmişdir (bax Farenheyt şkalası).