FARERLİLƏR (özlәrini f e r o y i n q a r adlandırırlar) – xalq, Farer a.-rının (Danimarka) әsas әhalisi. Ümumi sayları tәqr. 80–90 min nәfәrdir; tәqr. 49 min Farer a-rın da, tәqr. 22 min Danimarkada yaşayır (2015). Əsasәn, Farer dilindә danışırlar; Danimarka dili dә yayılmışdır. Dindarları xristiandır. Ənәnәvi mәşğuliyyәtlәri qoyunçuluq, balıqçılıq, balina ovu, dәniz quşları ovu vә quş bazarlarında yumurta yığımıdır; hazırda balıqçılıq vә balıq emalı, hәmçinin balina ovu ilә mәşğuldurlar. Dәhlizdәn (forstova), mәrkәzindә ocaq vә ya buxarı olan әsas otaqdan (daqliqstova), qonaq otağından (qlasstova, hәrfi mәnada şüşәli otaq; evdәki yeganә şüşәli pәncәrәyә görә) ibarәt әnәnәvi evlәri sal daşlardan hörülür, çim (bәzәn arpa külәşi) ilә örtülür. Balinanın fәqәrә sümüklәri kәtil kimi istifadә olunur. Ənәnәvi yemәklәri qoyun әti vә pendiridir; müasir F.-in qida rasionunda balıq vә qrinda üstünlük tәşkil edir. Duzdan az istifadә
olunur. Ənәnәvi yun geyimlәri pardaqdır. Kişi geyimlәrinә yun köynәk, qara vә ya göy kamzol, qırmızı jilet, qısa şalvar, naxışlı corablar, qara dәri başmaqlar, qalpaq, qadın geyimlәrinә isә yun kofta, uzun әtәk üstündәn uzun önlük, zәrif yun lәçәk, aşılanmış dәridәn sarı ayaqqabılar aiddir. F.-in folklorunda halayqurma kededans rәqsi ilә müşayiәt olunan balladalar (orta әsr Skandinaviya saqaları vә cәngavәr romanlarının süjetlәri әsasında) yayılmışdır.
Фареrлиляр. Гадынла ушаг милли эейимдя.