FARMAKODİNÁMİKA (yun. φάρμαχου – dәrman + dinamika) – farmakologiyanın bölmәsi; dәrman maddәlәrinin (DM) farmakoloji effektini vә tәsir dinamikasını öyrәnir. DM-nin әsas tәsir mexanizminә onların orqanizmin toxuma vә hüceyrә reseptorları ilә qarşılıqlı tәsiri aiddir, bununla әlaqәdar olaraq, orqanizmin biokimyәvi vә fizioloji reaksiyaları istәr normal, istәrsә dә patoloji vәziyyәtdә aktivlәşir vә yaxud tormozlanır. Bu zaman DM-nin hәdәfi spesifik reseptorlar, fermentlәr, hüceyrә membranları vә strukturları ola bilәr. Bir sıra DM-nin mexanizmi fermentlәrin aktivliyinin yüksәlmәsi vә ya tormozlanması (lәngimәsi) ilә әlaqәdardır. Mәs., qara ciyәr fermentlәri yuxugәtirici dәrmanları, sakitlәşdiricilәri, neyroleptiklәri, qıcolma әleyhinә, iltihab әleyhinә dәrmanları, bir sıra antibiotiklәri, sidikqovucu vә s. dәrmanları stimullaşdırır. Fermentlәrin gecikdirilmәsi antihipertenziv preparatların (kaptopril vә s.), antidepressantların, Parkinson xәstәliyinin müalicәsi üçün olan dәrmanların vә s. tәsir mexanizminin әsasında durur. Bәzi DM-nin tәsir mexanizminә ionların transmembran axınına tәsir (kalsium kanallarının blokatorları, aritmiya әleyhinә olan dәrmanlar vә s.), birbaşa kimyәvi tәsir (mәs., xlorid turşusunun antasid dәrmanlarla neytrallaşması) aiddir. F. DM-nin dozasından vә konsentrasiyasından asılıdır: adәtәn onların artması farmakoloji effekti vә onun müddәtini güclәndirir. F. hәmçinin DM-nin digәr tәsir növlәrini dә nәzәrә alır: yerli, rezorbtiv, reflektor; әsas vә әlavә; düz vә dolayı; dönәn vә dönmәyәn; terapevtik vә toksiki vә s.