FARMAKOLÓGİYA (yun. φάρμακον – dәrman + ... logiya) – kimyәvi maddәlәrin, әsasәn dә dәrman maddәlәrinin insan vә heyvan orqanizminә tәsiri haqqında tibbibioloji elm; ümumiyyәtlә, daha geniş mәnada fizioloji aktiv maddәlәr haqqında elm. Dәrman maddәlәri haqqında ilk sistemlәşdirilmiş mәlumatlar Qәdim Misirin tibb traktı olan “Ebers papirusları”nda (e.ә.17 әsr) verilmişdir; 300-әdәk dәrman bitkisi haqqında isә mәlumat Hippokratın әsәrlәrindә vardır; onların dәqiq tәsvirini qәdim yunan hәkimlәri Teofrast (e.ә. 372–287) vә Dioskorid (eramızın 1 әsri) vermişlәr. Sonralar F. adlandırılan dәrmanlar haqqındakı elmin sinonimi 19 әsrә qәdәr “Materia medica” әsәri olmuşdur. Qalenin, İbn Sinanın, Paraselsin әsәrlәrindә verilәn dәrman bitkilәri haqqında mәlumatların (bilgilәrin) F.-nın inkişafında böyük rolu olmuşdur. Orta әsrlәrә qәdәr Şәrqdә tibb, dәrmanşünaslıq vә farmakologiya güclü inkişaf etdiyi halda, Qәrbdә tibbin yeganә mәrkәzi Salernodakı (İtaliya) mәktәb hesab olunurdu. 1140 ildә bu mәktәbdә farmakopeya (Antidotariya) hazırlanmışdır. Müasir eksperimental F.-nın әsasını 19 әsrin ortalarında R.Buxheym (Derpt) qoymuşdur. Onun inkişafını O.Şmideberq, Q.Meyer, V.Ştraub, P.Trendelenburq, K.Şmidt (Almaniya), A.Keşni, A.Klark (Britaniya), D.Bove (Fransa), K.Heymans (Belçika), O.Levi (Avstriya), V.İ.Dıbkovski, A.A.Sokolovski, İ.P.Pavlov, N.P.Kravkov (Rusiya) vә b. tәmin etmişlәr. Azәrb.-da 9, 10 vә 11 әsrlәrdә dәrmanşünaslığın inkişafında Mәhәmmәd Zәkәriyyә Əl-Razi (865– 925), Mәhәmmәd Hüseyn Nur Bәxşi (913– 1007), Bәhmәnyar Mәrzban oğlu Azәrbaycani (1002–67), Əbu Mәnsur Müvәffәq Əl-Hiravi (X әsr) vә b.-nın xüsusi rolu olmuşdur. Əbu Mәnsur Müvәffәq 980 ildә ilk dәfә olaraq F.-ya aid “Farmakologiya әsasları” kitabını yazır. F.-nı eksperimental vә kliniki F.-ya ayırırlar.
F.-nın bir sıra istiqamәtlәri mәlumdur. Farmakodinamika – molekulyar F. – dәrman maddәlәrinin biokimyәvi tәsir mexanizmlәri haqqında tәlim. Dәrman preparatlarının kliniki praktikada öyrәnilmәsi vә onların son tәsdiq edilmәsi kliniki F.nın mövzusudur.
F.-nı ümumi vә xüsusi F.-ya bölmәk qәbul edilmişdir. Ümumi F. dәrman maddәlәrinin tәsir mexanizmini qiymәtlәndirir (ilkin farmakoloji reaksiyalar, fermentlәrә, bioloji membranlara, elektrik potensialına, reseptor mexanizmlәrә tәsir); onların paylanma xarakterindәn, biotransformasiyasından (oksidlәşmә, bәrpaetmә, hidroliz, aminsizlәşmә, asetillәşmә vә s.), daxilolma (daxilә, dәrialtı, venadaxili, inhalyasiya vә s.), xaricolma (böyrәklәrlә, bağırsaqla) yollarından asılı olaraq orqanizmә tәsirin ümumi qanunauyğunluqlarını öyrәnir. Ümumi F.-nın problem dairәsinә daxildir: dәrman maddәlәrinin tәsir prinsiplәrinin xarakteristikası (yerli, reflektor, sorulma); onların orqanizmdә tәsirini müәyyәn edәn şәrtlәri (kimyәvi quruluşu, fiziki-kimyәvi xassәlәri, dozası vә qatılığı, tәsir müddәti, dәrman istifadәsinin tәkrarlanması; orqanizmin cinsi, yaşı, bәdәn çәkisi, genetik xüsusiyyәtlәri, funksional vәziyyәti); kombinә edilmiş dәrman müalicәsinin prinsiplәri, dәrman maddәlәrinin standartlaşdırılması, tәsnifatı, tәdqiqatı mәsәlәlәri vә s. X ü s u s i F.-nın predmeti әsas effekt әlamәtlәrinә görә bir neçә qrupda sistemlәşdirilmiş ayrı-ayrı dәrman maddәlәridir: analgetiklәr, yuxugәtiricilәr, neyrotrop maddәlәr, qıcolma әleyhinә maddәlәr, qıcıqlandırıcılar, ürәk-damar sisteminә tәsir göstәrәn dәrman maddәlәri, antibakterial maddәlәr, antiparazitar maddәlәr, şişәleyhinә maddәlәr vә s. F. dәrman maddәlәrini öyrәnәn digәr elmlәrlә, ilk növbәdә әczaçılıq kimyası – dәrmanların sintezi, quruluşu vә kimyәvi xassәlәri haqqında elmlә, farmakoqnoziya vә bütövlükdә әczaçılıq vә toksikologiya ilә sıx bağlıdır. Ümumi – eksperimental üsullar F.-nı fiziologiya vә patologiya ilә yaxınlaşdırır. F. hәmçinin biokimya vә biologiya ilә dә bilavasitә әlaqәlidir.
Azәrb.-da F. üzrә elmi tәdqiqat işlәri Azәrb. Tibb Un-tinin, Naxçıvan Dövlәt Un-tinin farmakologiya kafedralarında, Azәrb. Tibb Un-tinin Elmi Tәdqiqat Mәrkәzinin farmakologiya vә toksikologiya şöbәsindә aparılır. F.-nın tәdrisi un-tlәrin tibb fakültәlәrindә vә tibb kolleclәrindә hәyata keçirilir. Xarici ölkәlәrdә F. üzrә әsas elmi mәrkәzlәr: Rusiya EA-nın V.V. Zakusov ad. Elmi Tәdqiqat Farmakologiya İn-tu, Sankt-Peterburq Kimya-Əczaçılıq İntu, Xarkov Milli Kimya-Əczaçılıq Un-ti, Krakovda, Praqada, Berlindә F. in-tları, Bertrsdә (ABŞ) tibb mәrkәzinin F. laboratoriyası, Mill Hill İn-tu (London), Ali Sanitariya İn-tu (Roma), Maks Plank İn-tu (Frankfurt-Mayn) vә s.