FÁSMER (Vasmer) Maks Yulius Fridrix (28.2.1886, S.-Peterburq – 30.11.1962, Qәrbi Berlin) – alman filoloq-slavyanşünası vә balkanşünası, SSRİ EA-nın әcnәbi m. üzvü (1928). S.-Peterburq Untini bitirmişdir (1907); İ.A.Boduen de Kurtene, A.A.Şaxmatovun tәlәbәsi olmuşdur. 1907–08 illәrdә Yunanıstanda yunan dialektlәrini vә alban dilini araşdırmışdır. 1908–10 illәrdә Krakov vә Vyana un-tlәrindә tәhsilini davam etdirmişdir. Bir sıra tәhsil müәssisәsindә dәrs demiş, o cümlәdәn Ali qadın (Bestujev) kurslarının (1912), Saratov (1917–18), Tartu (1918–21), Leypsiq (1921–25), Berlin (1925–45), Stokholm (1947–49) un-tlәrinin, Qәrbi Berlindә Azad un-tin (slavyanşünaslıq kafedrasının müdiri) prof.-u olmuşdur.
F. slavyanların digәr xalqlarla (yunanlar, farslar, türklәr, fin-uqorlar vә b.) dil әlaqәlәrinә, slavyan, Baltika, İran, fin-uqor xalqlarının Şәrqi Avropada mәskunlaşması tarixinә, Şәrqi Avropa antroponimiya vә toponimiyasına, slavyan dillәrinin alban dili vә digәr dillәrә tәsirinә dair әsәrlәrin müәllifidir.
F.-in әn mühüm әsәri olan “Rus dilinin etimoloji lüğәti” (“Russisches etymologisches Wörterburch”, Bd 1–3, 1950–58) rus dilinin etimologiyasına dair dilçilik materiallarının әhatәsi baxımından әn böyük vә etibarlı mәnbәdir Rus dilinin ilk әksdüzümlü lüğәtlәrindәn birinin nәşrinә rәhbәrlik etmiş, “Rus dilinin hidronimlәr lüğәti”ni, hәmçinin bütün mәlum rus coğrafi adlar toplusunu redaktә etmişdir. Slavyan xalqlarının filologiya vә mәdәniyyәtinә dair silsilә monoqrafiyaları var (c. 1–12, 1925–33). “Zeitschrift für slavische Philologie” (1924) jurnalının yaradıcısı vә rәhbәri olmuşdur.