FÁŞİ (ital. fascio – dәstә, ittifaq) – 1) Siciliya әmәkçilәrinin ittifaqları (Fasci siciliani dei lavoratori), 1891–94 illәrdә şәhәrin aşağı tәbәqәdәn olan әhalisini, kükürd mәdәnlәrindә çalışan fәhlәlәri, kәndlilәri vә kәnd proletariatını tәmsil edәn tәşkilatları birlәşdirәn hәrәkat. Banisi Cüzeppe De Feliçe Cuffrida idi. Sosialistlәrin fәal rol oynadığı hәrәkat latifundiyaçıların vә yerli hakimiyyәt orqanlarının siyasәtinә qarşı yönәlmişdi. F.-nin әsas tәlәblәri torpaq üçün icarә haqqının lәğvi, aqrar müqavilәlәrә yenidәn baxılması, icma torpaqlarının bölüşdürülmәsi, vergilәrin azaldılması, әmәkhaqqının artırılması idi. İnsan tәlәfatına sәbәb olan polislә ilk toqquşmalar 1893 ilin yanvarında baş verdi. 1893 ilin mayında Palermoda keçirilmiş qurultayda F. bazasında Siciliya sosialist federasiyası (tәqr. 50 min nәfәr) yaradıldı. 1893 ilin payızı – 1894 ilin qışı hәrәkatın әn fәal dövrü idi. Siciliyada baş verәn kütlәvi kәndli üsyanı F.Kristi hökumәtinin әmri ilә nizami ordu vә karabinerlәr tәrәfindәn yatırıldı. F. buraxıldı. Hәrbi tribunal tәrәfindәn mәhkum edilәn F. rәhbәrlәri 1895 ildә әfv olundular.
2) B. Mussolininin yaratdığı siyasi tәşkilatlar (bax Faşizm).