FAŞİST HƏBS DÜŞƏRGƏLƏRİ – alman faşistlәrinin siyasi düşmәn hesab etdiklәri şәxslәri vә hәrbi әsirlәri xüsusilә sәrt rejimdә saxladıqları düşәrgәlәr. F.h.d.nin mәhbusları sırasına faşizm әleyhdarları, kommunistlәr, hәmçinin әqidәsinә, dininә, irqinә vә s. görә tәqib olunanlar daxil idi. İlk hәbs düşәrgәsi 1933 ilin martında Daxau yaxınlığında yaradılmışdı. F.h.d.-nin çoxu insanları kütlәvi surәtdә qırmaq üçün qaz kameraları, krematorilәr vә s. vasitәlәrlә tәchiz edilmişdi. F.h.d.-ndә mәhbuslara mәnәvi, fiziki әzab vә işgәncә verir, onları aclıqdan öldürür, üzәrlәrindә müxtәlif tibbi “tәcrübә”lәr aparır, qaz ilә boğurdular. Osventsim, Maydanek, Treblinka, Mauthauzen, Buxenvald, Zaksenhauzen, Ravensbrük, Flossenburq, Ştuthof vә s. düşәrgәlәr әsl ölüm fabriklәri idi. F.h.d.-nә düşmüş 18 mln. Avropa vәtәndaşından 11 mln.-dan çoxu mәhv edilmişdi. E.Telman, Y.Fuçik, Musa Cәlil, gen.-l. D.M.Karbışev vә b. F.h.d.-ndә hәlak olmuşlar. F.h.d.-nin bir çox mәhbusu hәbsdәn qaçmış, Müqavimәt vә antifaşist hәrәkatına qoşulmuşdu. Almaniyada, Fransada, İtaliyada, Polşada vә s. ölkәlәrdә F.h.d.-ndә digәr millәtlәrdәn olan hәrbi әsirlәrlә yanaşı, azәrb. әsirlәrindә yaratdığı gizli antifaşist tәşkilatları Müqavimәt hәrәkatında müәyyәn rol oynamışdı. Bu tәşkilatların tәrkibindә M.Hüseynzadә, M.Seyidov, C.Hәkimli, Ə.Ağayev, Ə.Babayev, M.Mәmmәdov, Ə.Cәbrayılov, Ş.Mәcidov vә b. cәsur qәhrәmanlar fәaliyyәt göstәrmişlәr. Almaniyada F.h.d. sistemi alman faşizminin darmadağın olunması ilә mәhv edildi, Nürnberq mühakimәsindә (1945) vәhşilik tәzahürü kimi pislәnildi. F.h.d. vә bu qәbildәn olan düşәrgәlәr Cәnubi Koreyada, Cәnubi Vyetnamda, Yunanıstanda, İspaniyada, Portuqaliyada olmuşdur. Bir çox keçmiş F.h.d.-nin әrazisindә muzeylәr yaradılmış, abidәlәr qoyulmuşdur.