FATALİZM (lat. fatalis – tale, alın yazısı) – hәr bir hadisәni vә insanın hәr bir hәrәkәtini azad seçimi vә tәsadüfiliyi istisna edәn taleyin qarşısıalınmaz reallaşması kimi nәzәrdәn keçirәn dünyagörüşü. F.-in üç әsas tipini ayırmaq olur. Mifoloji, sonralar isә mәişәt F.-i taleyi irrasional, qaranlıq qismәt kimi; teoloji F. – hәr şeyә qadir Allahın iradәsi kimi; rasionalist F.isә qapalı kazual sistem daxilindә sәbәb vә nәticәlәrin sәrt bağlılığı kimi izah edir. F.-in birinci tipi mәdәniyyәtin erkәn çağlarında geniş yayılmışdı; sonralar tәdricәn aradan çıxaraq astrologiya kimi “okkult” doktrinalarda ifadә olunmuş, irrasionalist hәyat fәlsәfәsindә (O.Şpenqler vә b.) yenidәn mәnalandırılmışdır. Teoloji F. islamda cәbrilәrin doktrinasında (8–9 әsrlәr), orta әsrlәrin bәzi xristian bidәtlәrindә (9 әsr Saksoniya ilahiyyatçısı Qotşalk), kalvinizm vә yansenizmdә xüsusilә ardıcıl ifadә olunmuşdur. G.Plifonda teoloji vә rasionalist F.-in birlәşmәsi müşahidә olunur. Sırf rasionalist F. Demokrit, B.Spinoza, T.Hobbs vә mexanistik determinizm nümayәndәlәri (mәs., tәbiәt qüvvәlәrinin hazırkı fәaliyyәtinә dair tam biliklәrdәn çıxış edәrәk gәlәcәyin bütün hadisәlәri haqqında әqli nәticәlәrә gәlmәyin qeyri-mәhdud mümkünlüyünü әks etdirәn P.S. Laplas tәlimi) üçün sәciyyәvidir. Rasionalist F.-in son variantı cinayәtkar davranışın әvvәlcәdәn insan taleyinә yazılmasını onun irsi-bioloji konstitusiyası ilә әlaqәlәndirәn tәsәvvürdür (Ç. Lombrozo).