FATİMƏ (فاطمة)
(605, yaxud 615–632, yaxud 633, Mәdinә) – Mәhәmmәd peyğәmbәr vә Xәdicәnin qızı, Əli ibn Əbu Talibin arvadı, Hәsәn әl-Müctәba vә Hüseyn ibn Əlinin anası, әhli-beytin üzvlәrindәn biri. Bir çox mәnbәyә görә, Mәkkәdә dünyaya gәlmişdir. Mәhәmmәd peyğәmbәrin nәsli F. vasitәsilә davam etmişdir. Quranda birbaşa adı çәkilmir, lakin bir çox islam aliminә görә, F.-nin şәrәfinә bәzi ayәlәr nazil olmuşdur (3-сü surә, 61-ci ayә; 33:33; 42:23; 76:5–22; 108 vә s). İbn Şәhr Aşub “Mәnaqib” әsәrindә F.-nin iyirmi adını qeyd edir: Zәhra, Bәtul, Mәryәmi-Kübra, Siddiqә, Mübarәkә, Tahirә, Raziyә, Mәrziyyә vә s. Mәhәmmәd peyğәmbәr onu “Ümmü әbiha” (“atasının anası”) adlandırmışdır. F.peyğәmbәrin ölümündәn sonra tәqr. yarım il yaşamışdır. Xüsusilә xәlifә seçimi mәsәlәsindә fәal siyasi mövqe nümayiş etdirmişdir. Atasından ona miras qalan vә Hicazın mühüm gәlir mәnbәlәrindәn biri olan Fәdәk bağlarını Əbu Bәkr müsadirә etmişdir.
F.-nin hәyatı haqqında çoxlu әfsanә vә rәvayәtlәr yaranmışdır. Mәnbәlәrdә vaxtının çoxunu Allaha ibadәtlә keçirәn, kamil, sәxavәtli, qadın kәramәtini, qoruyuculuğunu vә ülviliyini әn ali şәkildә tәcәssüm etdirәn insan kimi sәciyyәlәndirilir. Hәmçinin onun geniş elmi biliklәrә sahib olması, dövrünün qadınları üçün dini vә dünyәvi mәsәlәlәrdә müәllim rolunu oynaması, hәyat tәrzi vә әxlaqı ilә peyğәmbәrә bәnzәmәsi, Mәhәmmәd peyğәmbәrin onu әzәli vә әbәdi olaraq hәr iki dünyanın “qadınlarının xanımı” adlandırması vurğulanır. İslam ezoterizmindә F. mütlәq işığın daşıyıcısı, qadın başlanğıcının kvintessensiyasıdır. Xalq әdәbiyyatında “F. әli” şәfa vә bәrәkәt rәmzi sayılır (bax Əlәm, Xәmsә).
10 –12 әsrlәrdә Şimali Afrikada, Misirdә, Suriyada vә Yәmәndә hakimlik etmiş Fatimilәr sülalәsi F.-nin adı ilә bağlıdır.