FATİMİLƏR XİLAFƏTİ (909–1171) – Fatimilәrin idarә etdiyi dövlәt. İfrigiyada (Şimali Afrikada vilayәt) yaranmışdı. İsmaililәr hәrәkatının (bax İsmaililik) genişlәnmәsindәn istifadә edәn Übeydullah әl-Mehdi әrәb vә bәrbәr tayfalarının kömәyilә III Ziyadәtullahı devirәrәk Əğlәbilәrin hakimiyyәtinә son qoydu vә 910 il yanvarın 15-dә Rәqqadәdә “Mehdi Lidinillah” vә “Əmir әl-möminin” lәqәbi ilә ilk Fatimi xәlifәsi [909–934] seçildi; Fatimi xәlifәlәri eyni zamanda İsmaili imamı sayılırdı. O, az bir müddәtdә, Mәrakeş istisna olmaqla, bütün Şimali Afrikanı tutdu. İfrigiya dövründә (909–973) Fatimilәr bir sıra çәtinliklәrlә üzlәşdilәr. Bu zaman Şimali Afrika әhlisünnә (әsasәn, malikilәr) ilә xaricilәr (xüsusilә ibazilәr vә sufrilәr) arasında bölüşdürülmüşdü. Bölgәdә ismaililәrin mövcudluğu gәrginliyi daha da artırırdı. Bundan başqa, Tahertdә xarici Rüstәmilәr vә Fәsdә әlәvi İdrisi dövlәtlәri mövcud idi. Fatimilәrin onları tabe etmәk cәhdlәri müqavimәt vә etirazlarla qarşılanırdı. Etirazçılar, әsasәn, Qәyrәvanda (Kay rua n) vә İfrigiyanın digәr şәhәrlәrindә cәmlәşmişdilәr.
İslam dünyasına hakim ola bilmәk üçün Misiri әlә keçirmәyin vә şәrqә doğru irәlilәmәyin labüdlüyünü anlayan Übeydullah әl-Mehdi 913 vә 919 illәrdә Misirә yürüş etsә dә, müvәffәqiyyәtsizliyә uğradı. Übeydullahın oğlu Qaim Biәmrillah әl-Fatiminin [934–946] dövründәki yürüşlәr dә nәticәsiz qaldı.
Übeydullah әl-Mehdi 915 ildә Şәrqi İfrigiya sahilindәki yarımadada Mehdiyyә adlı şәhәrin әsasını qoydu vә onu F.x.-nin paytaxtı elan etdi (920). Yalnız bundan sonra Fatimilәr Qәyrәvandakı sünnilәrin müqavimәtindәn uzaqlaşaraq bizanslıların hücumunun qarşısını aldılar, Orta Aralıqdәnizyanının q. hissәsindә üstünlüklәrini tәmin etdilәr vә nüfuzlarını Siciliya a.-na qәdәr genişlәndirdilәr.
İfrigiyalılar bir müddәt F.x.-ni tәhdid edәn xarici Əbu Yәzidi dәstәklәsәlәr dә, bu tәhlükә 947 ildә Fatimi xәlifәsi Mәnsur Billahın Əbu Yәzid üzәrindә qәlәbәsi ilә aradan qaldırıldı. Əbu Yәzidi dәstәklәyәn malikilәrә nәzarәt etmәk mәqsәdilә F.x.nin paytaxtı Mehdiyyәdәn Sәbrәyә köçürüldü.
Fatimilәrin şәrqә doğru әrazilәrini genişlәndirmәk niyyәti yalnız xәlifә Muizz Lidinillahın [953–975] dövründә gerçәklәşdi. İxşidilәrin sonuncu güclü valisi Qafurun ölümündәn sonra Misirdә başlayan daxili çәkişmәlәr vә 963 ildәn davam edәn iqtisadi böhran Fatimilәrin planlarının hәyata keçmәsi üçün әlverişli şәrait yaratdı. 969 ildә Fatimi sәrkәrdәsi Cövhәr әs-Siqilli Misiri tutdu vә Qahirә ş.-nin әsasını qoydu. 973 ildә Qahirә F.x.-nin paytaxtı elan edildi. 10 әsrin sonunda Fatimilәrin hakimiyyәti Suriyadan Mәrakeşә qәdәr yayılmışdı. Xәlifә Əziz Billahın [975–996] dövründә Yәmәn vә Mosul da Fatimilәrin nüfuz dairәsinә düşdü. Xәlifә Hakim Biәmrillahın [996–1021] dövründә xilafәt daxilindә ziddiyyәtlәr artdı. İradәsiz, verdiyi qәrarları tez-tez dәyişәn Hakim Biәmrillah ümumilikdә Fatimilәr dövründә hökm sürmüş dini dözümlülük әnәnәsini pozdu, zimmilәr vә sünnilәrә qarşı tәzyiqlәrә başladı. Onun dövründә qadağalar siyahısı hazırlandı; siyahıdakı qadağalardan birini pozanlar ya öldürülür, ya da ağır işgәncәlәrә mәruz qalırdı. Hәtta xәlifәnin yaxın әtrafı bu cәzalardan kәnarda qalmırdı. Bu dövrdә Misir–Bizans münasibәtlәri dә pislәşdi. 1021 ildә xәlifә Hakim müәmmalı şәkildә qeyb oldu.
Xәlifә әz-Zahir [1021–36] itirilәn Hәlәbi vә Şamı geri aldı. Xәlifә Müstәnsir Billahın [1036–94] dövründә Misir, Cәnubi Suriya bölgәsi, Şimali Afrika, Siciliya, Afrikanın Qırmızı dәniz sahillәri, Hicaz vә Yәmәn, hәmçinin Mәşriqdәki bir çox şәhәr F.x.-nin tәrkibindә idi. 11 әsrin ortalarından
F.x. zәiflәmәyә başladı. Fatimilәrlә Abbasilәr arasındakı çәkişmәlәr yüksәk hәddә çatdı. Fatimilәrә qarşı sәlcuqilәrlә ittifaqa girәn İfrigiya valisi Abbasilәrin tәhriki ilә 1051 ildә Fatimilәrin tabeliyindәn çıxaraq Abbasilәrin adına xütbә oxutdurdu. Sәlcuqilәr isә bizanslılarla saziş bağlayaraq Misirә buğda göndәrilmәsini dayandırdılar. 1061 ildә Siciliya normanların, 1075 ildә isә Suriya Sәlcuqilәrin hakimiyyәtinә keçdi.
Bu dövrdә Misirdә böyük iqtisadi böhran yaşanırdı. Müxtәlif hәrbi qruplaşmalar arasındakı qarşıdurmalar ölkәnin daxilindә hәrc-mәrcliyә sәbәb olurdu. Belә bir zamanda xәlifә Müstәnsir-Billah Əkkanı idarә edәn ordu komandanı Bәdr әl-Cәmalini kömәyә çağırdı. 1074 ildә Misirә gәlәn Bәdr әl-Cәmali dinclik, tәhlükәsizlik vә sabitlik yaratmağa müvәffәq oldu. Əvәzindә Müstәnsir xәlifә sәlahiyyәtlәrini Bәdr әl-Cәmaliyә tәhvil verdi. Bununla F.x. “vәzirlәrin nüfuz әsri” adlandırılan yeni dövrә qәdәm qoydu. Dövlәt işlәrini әmirlәr yerinә yetirmәyә başladılar. Bәdr әl-Cәmali vә onun varislәri Əfzәl vә Mәmun әl-Bәtaihinin sәylәri nәticәsindә F.x.-nin süqutu daha bir әsr tәxirә salındı. Atasından sonra vәzir vәzifәsini tutan Əfzәl xәlifә Müstәnsirin kiçik oğlunu Müstәli Billah lәqәbi ilә xәlifә elan etdi. 1101 ildә Müstәlinin ölümündәn sonra Əfzәl onun yerinә 5 yaşlı Əbu Əli Mәnsuru Amir Biәhkamillah lәqәbi ilә xәlifә elan etdi. Belәliklә, Əfzәl 20 il F.x.-ni tәkbaşına idarә etdi. Paytaxt Qahirәdәn Fustata köçürüldü. Onun dövründә divanda çalışan xristianların sayı artdı. Suriya bölgәsinә yönәlmiş sәlib yürüşlәri bu dövrә tәsadüf etsә dә, Əfzәl bu yürüşlәrә әhәmiyyәt vermәdi, hәtta sәlcuqlara qarşı sәlibçilәrlә ittifaqa girdi.
Yetkinlik yaşına çatan Amir әmir Mәhәmmәd ibn Fateh әl-Bәtaihi ilә birlikdә sui-qәsd tәşkil edәrәk, 1121 ildә Əfzәli öldürtdü, әmir Mәhәmmәdi Mәmun lәqәbi ilә vәzir tәyin etdi. Xәlifә Amir ilә vәzir Mәmunun dövrü (1122–25) Fatimilәrin Misirdә әn parlaq dövrü sayılır. Ölkәni tәkbaşına idarә etmәyә çalışan Amir 1125 ildә Mәmunu hәbs etdirdi, 3 il sonra isә onu öldürtdü. Lakin Amirin hakimiyyәti dә uzun çәkmәdi. O, 1130 ildә üsyan nәticәsindә öldürüldü. Amirin varisi olmadığından onun ölümündәn sonra hakimiyyәt uğrunda çәkişmәlәr başladı. Nәticәdә mәrkәzi hakimiyyәt zәiflәdi. Hәrc-mәrclikdәn istifadә edәn sәlibçilәr 1153 ildә Fatimilәrin Suriyadakı sonuncu qalasını da tutdular. 12 әsrin ortalarınadәk normanlar Malta a.-nı, Tripoli, Mehdiyyә vә s. şәhәrlәri zәbt etdilәr. Fatimilәr hakimiyyәtlәrinin son 40 ilindә yalnız Misirdә hökm sürәn yerli sülalәyә çevrildilәr. 1169 ildә F.x.-ndә vәzir tәyin edilәn Sәlahәddin Əyyubi 1171 ildә hakimiyyәti әlә keçirdi vә Əyyubilәr sülalәsinin banisi oldu.
F.x.-ndә tәsәrrüfatın әsasını әkinçilik tәşkil edirdi. Tәqr. 11 әsrin ortalarınadәk torpaq üzәrindә dövlәt mülkiyyәtinin artması vә möhkәmlәnmәsi müşahidә olunurdu. Torpaq vergisi (xәrac) bilavasitә dövlәt mәmurları tәrәfindәn toplanır, yaxud iltizama verilirdi. Xәlifә Muizz Lidinillahın dövründә xәrac toplanmasına dövlәt nәzarәti güclәndirildi. Fatimilәr vәqf torpaqlarının da genişlәndirilmәsini tәşviq edirdilәr. Şәhәrlәrdә, әsasәn, saraya xidmәt edәn sәnәtkarlıq sahәlәri (xüsusilә toxuculuq) inkişaf edirdi. Xilafәtin emalatxanaları yerlәşәn İsgәndәriyyә, Dumyat, Tinnis iri sәnәtkarlıq mәrkәzlәri idi. Dәri, şüşә, metal mәmulatlarının hazırlanması, dulusçuluq, kağız vә perqament istehsalı inkişaf edirdi. F.x. Hindistan (әdviyyat tranziti), Bizans, İtaliya şәhәrlәri (Amalfi, Venesiya, Genuya, Piza vә s.) ilә ticarәt aparırdı. Fatimilәr dövründә zәrb olunan qızıl sikkәlәr yüksәk keyfiyyәti ilә seçilirdi.
10–11 әsrlәrdә F.x.-ndә mәnәvi hәyatın yüksәlişi müşahidә olunurdu. Paytaxtın Qahirәyә köçürülmәsindәn sonra möhtәşәmliyinә görә Konstantinopol vә Kordovaya bәnzәyәn şәhәr Bağdadı geridә qoyaraq müsәlman dünyasının әn iri mәdәniyyәt mәrkәzinә çevrildi. 11 әsrin әvvәllәrindә Qahirәdә ilahiyyatla yanaşı, dünyәvi elmlәrin dә tәdris olunduğu “Biliklәr evi” (“Dar әl-hikmәt”) vә rәsәdxana açıldı. Görkәmli fizik, astronom vә riyaziyyatçı İbn әl-Heysәm, astronom İbn Yunis әs-Sәdәfi, mәşhur hәkim Əli ibn Rizvan, filosoflar Əbu Hatim әr-Razi, Hәmidәddin Kirmani, tarixçilәr İbn Zulaq, Müsәbbihi, epistolyar janr ustası әl-Qazi әl-Fazil vә b. F.x.-ndә yaşayıb-yaratmışlar. Misirdә Fatimilәr dövrünә aid qiymәtli memarlıq abidәlәri (әlƏzhәr mәscidi, Hakim Biәmrillah mәscidi, Mehdiyyә mәscidi, Qahirәdә şәhәr qapıları vә mәqbәrә), hәmçinin tәtbiqi sәnәt nümunәlәri saxlanılmışdır.