FATMAYI – Azәrb. Resp. Abşeron r-nunda kәnd. Fatmayı ә.d.-nin mәrkәzi. R-n mәrkәzindәn (Xırdalan ş.) 13 km şm.-ş.-dә, Abşeron y-a-ndadır. Əh. 7100 (2017). Tam orta mәktәb, uşaq bağçası, tibb mәntәqәsi, klub, poçt, ATS, kitabxana var.
“F.” oykoniminin etimologiyası ilә bağlı müxtәlif fikirlәr mövcuddur. Ən geniş yayılmış versiyalardan birinә görә, kәnd yelçәkәr yerdә yerlәşdiyindәn, onu “mehi fәth edәn yer” – “Fatmehi” adlandırmışlar.
Bәzi mәnbәlәrdә yaşayış mәntәqәsinin 18 әsrdә Salyan hakiminin dul qadını Fatma xanımın tabeliyindә olan ailәlәr tәrәfindәn salındığı fikri irәli sürülür. Oykonimin şiәliyin geniş yayıldığı Sәfәvilәr dövründә yaranması (yәni Əli ibn Əbu Talibin arvadı Fatimәnin şәrәfinә adlandırılması) da ehtimal olunur. Kәndin әrazisindә Hacı Heybәt mәscidi (1802), Əlbәti mәscidi (1878) vә Pulatı mәscidi (1880), hәmçinin 19 әsrә aid Salam mәscidi vә türbә, hamam var.