FAUNİSTİK RAYONLAŞDIRMA – Yer sәthinin vә onun ayrı-ayrı әrazilәrinin vә akvatoriyalarının faunalarının tәrkibi vә endemizm dәrәcәsi, inkişaf tarixinin xüsusiyyәtlәrinә görә regionlara bölünmәsi. F.r. (bәzәn hәmçinin zoocoğrafi rayonlaşdırma da adlandırılır) iyerarxiya prinsipinә uyğun qurulur: bir-birinә tabe olan mәkanlar (xoronlar) alәm, vilayәt, әyalәt vә s. ayrılır. 19 әsrin II yarısında qurunun F.r.-sının klassik sxemi (ing. zooloqu vә zoocoğrafı F.L.Skleter vә A.R.Uolles) yalnız onurğalı heyvanların (әsasәn, mәmәlilәr vә quşlar) yayılmasına әsaslanırdı. Digәr qrupların, o cümlәdәn çoxsaylı onurğasızların cәlb olunması klassik sxemlәrin şәklinin dәyişdirilmәsinә vә bir sıra xoronların sәrhәdlәrinin dәqiqlәşdirilmәsinә imkan verdi. Qurunun F.r.-nın indiki daha çox yayılmış sxemindә 4 faunistik alәm var: Arktogeya, Paleogeya, Neogeya, Notogeya. Bunların hәr biri bir neçә faunistik vilayәtә bölünür. Əsasәn dәnizlә әlaqәli heyvanların mәskunlaşdığı Antarktida qurusu heç bir alәmә daxil deyil. Qurunun faunistik rayonlaşdırılmasının müasir sxemi floristik rayonlaşdırma sxeminә oxşardır, lakin onunla eyni deyil. Dünya okeanının F.r.-sında o cümlәdәn su qatı vә ya pelagialı (faunistik vilayәtlәrin sәrhәdlәri ümumilikdә Yerin iqlimi enliklәrin qurşaqlarına uyğun gәlir) vә dibi üçün (litoral vә abissal faunistik vilayәtlәri ayırd edilir) bir neçә sәrbәst rayonlaşdırma sistemi qәbul edilib. F.r. biocoğrafiya vә zoocoğrafiyanın mövzusudur.
Əd.: Г е п т н е р В.Г. Общая зоогеография. М.; Л., 1936; Д а р л и н г т о н Ф. Зоогеография. М., 1966; Н е й л У. География жизни. М., 1973; Биология океана. М., 1977. Т.1; В о р о н о в А.Г., Д р о з д о в Н.Н., М я л о Е.Г. Биогеография мира. М., 1985; К р ы ж а н о в с к и й О.Л. Состав и распространение энтомофаун земного шара. М., 2002.