FAYDALI QAZINTI YATAĞI – Yer qabığında geol. proseslәr nәticәsindә әmәlә gәlәn vә keyfiyyәt, kәmiyyәt, dağ-texniki, iqtisadi-coğrafi, geoekoloji parametrlәrinә görә sәnaye istifadәsi üçün yararlı mineral aqreqatlarının tәbii yığımı. Yataqlar geoloji kәşfiyyat işlәri prosesindә aşkar olunur vә öyrәnilir. Yatağın k e y f i y y ә t parametrlәrinә: әsas, ikincidәrәcәli (kompleks filizlәrdә) vә zәrәrli komponentlәrin miqdarı; filiz vә damar minerallarının tәrkibi (karbohidrogen yataqlarında neftin, qazın kimyәvi tәrkibi); filizlәrin tekstur vә strukturu; filizlәrin, yaxud karbohidrogenlәrin texnoloji xarakteristikası daxildir. K ә m i y y ә t parametrlәri filizlәrin ehtiyatı ilә; d a ğ - t e x n i k i parametrlәr filiz cisimlәrinin yatım elementlәri, yatağın sulaşması vә qazlaşması, filiz cisimlәri vә yerlәşdirici süxurların fiziki-mexaniki xüsusiyyәtlәri ilә; i q t i s a d i - c o ğ r a f i parametrlәr yatağın relyefi, iqlim şәraiti, infrastrukturu, enerji, tikinti materialları vә kadrlarla tәminatı, hәmçinin faydalı komponentin bazar qiymәtilә; g e o e k o l o j i parametrlәr yatağın mәnimsәnilmәsi zamanı ayrılmış torpaq sahәsinin qiymәtlәndirilmәsi, sәth vә yeraltı suların, atm. havasının tәmizlәnmәsinә vә
istismar başa çatdıqdan sonra landşaftın rekultivasiyasına sәrf olunan mәblәğlә müәyyәnlәşdirilir. F.q.y. müәyyәn geol. struktur daxilindә bir vә ya bir neçә filiz cismindәn ibarәt olur; onlarla km2-әdәk sahәni әhatә edir. Bәrk, maye vә qaz aqreqat halında rast gәlinir. Tәrkibinә vә tәsәrrüfatda işlәdilmә sahәsinә görә F.q.y.-ları 4 әsas qrupa bölünür: filiz, yaxud metallik; qeyri-filiz, yaxud qeyri-metallik; yanar faydalı qazıntılar vә yeraltı sular. Yataqlar yer sәthinә yaxındırsa, açıq üsulla, әks halda yeraltı üsulla istismar olunur. Yataqlar Yer qabığının geol. inkişaf tarixi әrzindә endogen, ekzogen vә metamorfogen proseslәr nәticәsindә әmәlә gәlmişdir. Formalaşma dәrinliyinә görә ultraabissal (10–15 km-dәn yuxarı), abissal (3–5 km-dәn 10–15 km-әdәk), hipabissal (1–1,5 km-dәn 3–5 km-әdәk), sәthәyaxın (Yer sәthindәn 1–1,5 km-әdәk) yataqlarını ayırırlar. F.q.y.-larını ehtiyatına görә nәhәng, iri, orta vә kiçik yataqlara bölürlәr. Faydalı qazıntı yığını yayılma sahәsinin böyüklüyünә әsasәn faydalı qazıntı r-nu, sahәsi vә hövzәsini әmәlә gәtirir. Faydalı qazıntının sәnaye keyfiyyәti kondisiya ilә müәyyәnlәşdirilir.