FAYDALI QAZINTI YATAQLARININ AXTARIŞI – faydalı qazıntı yataqlarının aşkar edilmәsi vә perspektivliyinin qiymәtlәndirilmәsi mәqsәdilә aparılan kompleks işlәr. F.q.y.a. geol.-kәşfiyyat işlәrinin bütün mәrhәlәlәrindә yerinә yetirilә bilәr. Axtarışlar әrazinin geol. quruluşunun mürәkkәbliyindәn, proqnozlaşdırılan faydalı qazıntının növündәn vә tәdqiqatın dәrinliyindәn asılı olaraq müxtәlif miqyaslarda (1:50 000-dәn 1:2000-әdәk) vә iki ardıcıl mәrhәlәdә (perspektiv vә dәqiq) aparılır. Perspektiv axtarış mәrhәlәsindәki işlәr öyrәnilmәmiş vә yaxud zәif öyrәnilmiş әrazilәrdә filiz tәzahürlәri vә ya faydalı qazıntı yataqlarının varlığı güman edilәn sahәlәrdә aparılır. Dәqiq axtarışın mahiyyәti isә perspektiv axtarış mәrhәlәsindә müәyyәnlәşdirilmiş sahәlәrdә filiz tәzahürlәrinin perspektivliyini qiymәtlәndirmәkdәn ibarәtdir. F.q.y.a.-nda müxtәlif axtarış üsullarından istifadә edilir. Bunlardan başlıcası geol. planaalma üsuludur. Geofiziki axtarış üsulları anomal geofiziki sahәlәri; geokimyәvi axtarış üsulları sәpәlәnmә oreolların geokimyasını; valun-buzlaq, qırıntı-çay vә şlix üsulları mexaniki sәpinti oreollarını öyrәnir. Köklü süxurlarda vә faydalı qazıntı yatağı sahәsindә süni çıxışlar yaratmaq mәqsәdilә, habelә yatağın sınanması vә konturlanması üçün sәth örtüyündә tәmizlәmә, xәndәk, şurf, mexaniki qazıma vә digәr işlәr aparılır. Görülәn işlәrin materialları әsasında öyrәnilәn sahәnin uyğun miqyasda geol. xәritәsi, geol. kәsilişlәr, geo fiziki vә geokimyәvi tәdqiqatların nәticәsini әks etdirәn xәritәlәr tәrtib olunur. Aşkar edilmiş faydalı qazıntı tәzahürlәrinin proqnoz ehtiyatları qiymәtlәndirilir, geol.-iqtisadi qiymәtlәndirmә әsasında növbәti işlәrin davam etdirilmәsinin mәqsәdәuyğunluğu әsaslandırılır.
Neft vә tәbii yanar qaz yataqlarının axtarışı neftqazlılığı müәyyәn edilmiş, yaxud güman edilәn әrazilәrdә qazıma quyularının yerlәşdirilmәsi mәqsәdilә aparılır. Axtarış işlәrinә deşifrәlәnmiş aerokosmik planaalma materialları, struktur-geol. planaalma, geofiziki tәdqiqatlar (seysmik kәşfiyyat, qravikәşfiyyat, maqnit kәşfiyyatı, elektrik kәşfiyyatı), struktur quyularının qazılması, axtarış quyularının yerini vә dәrinliyini müәyyәn etmәk üçün dayaq horizontları üzrә izohips xәritәlәrin tәrtibi, geol. kәsilişin öyrәnilmәsi, aşkar edilmiş yataqların proqnoz ehtiyatlarının qiymәtlәndirilmәsi daxildir. Yeraltı su yataqlarının axtarışı su ehtiyatlarının toplanması üçün әlverişli tәbii şәraitә malik sahәlәrin aşkarlanması mәqsәdilә aparılır. Süxurlarda yeraltı suların paylanma qanunauyğunluğu, su ehtiyatlarını formalaşdıran mәnbәlәr öyrәnilir. Axtarış işlәrinә yeraltı suların marşrut müayinәsi, sutoplayıcı sahәnin tәdqiqi, әsas sulu horizontları açmaq üçün tәk-tәk axtarış quyularının qazılması vә s. daxildir. Axtarış işlәrinin nәticәsinә әsasәn yeraltı su eh tiyatlarının sәnaye mәnimsәnilmәsi qiymәtlәndirilir.