FEDÓNKİN Mixail Aleksandroviç (d.19.6.1946, Moskva vil.-nin Orexovo-Zuyevo ş.) – rus geoloq-paleontoloqu, REA akad. (2008). 1969 ildә Moskva Dövlәt Un-tini bitirmişdir. REA Geologiya İn-tunda (1971–78, 2010 ildәn direktor) vә REA Paleontologiya İn-tunda (1978 ildәn, 1992 ildәn laboratoriya müdiri) işlәyir. Eyni zamanda MDU-da (1993 ildәn) vә Rusiya Provaslav Un-tindә (1997 ildәn) dәrs deyir. Əsas işlәri Proterozoyun stratiqrafiyası vә paleontologiyası sahәsi, biosferin erkәn tәkamülü üzrәdir. Vend faunasının yayılma coğrafiyasını vә stratiqrafik diapazonunu genişlәndirmişdir. Kembriyәqәdәrki süxurlarda skeletsiz canlıların izlәrini tapmış vә bunun Kembriyәqәdәrki dövrlә Kembrinin sәrhәdinin dәqiqlәşdirilmәsindәki әhәmiyyәtini aydınlaşdırmışdır. Çökmә filizlәrin vә karbohidrogenlәrin formalaşma şәraitinin proqnozlaşdırılmasında Kembriyәqәdәrki biosferin fәaliyyәt mexanizminin әhәmiyyәtini göstәrmişdir. ABŞ-ın Milli EA-nın Ç.D.Uolkott medalı ilә tәltif edilmişdir (1997).
Ə s ə r l ə r i: Органический мир венда. М., 1983; Бесскелетная фауна венда и ее место в эволюции метазоа. М., 1987.