FEİLİ BAĞLAMA – feilin təsriflənməyən (bax Təsrif), yaxud şəxssiz formalarından biri. F.b. əsas feili tərz, zaman, səbəb, kəmiyyət, bəzən də şərtə görə izah edir və zərfin cümlədə daşıdığı funksiyanı yerinə yetirir. F.b. feilin mühüm əlamətlərinə malikdir: təsirli və ya təsirsiz olur, təsdiq və inkarda işlənir, feilin müvafiq növündə olur, özündən əvvəlki sözü yönlük , təsirlik, yerlik və çıxışlıq hallarında idarə edir. F.b. daşıdığı məna, sintaktik vəzifə, feilə yanaşması baxımından zərfə meyil edir. Bu mənada bəzi bağlamaların (qaçaraq, olduqca, getdikcə, dönə-dönə və s.) zərf sırasına keçməsi faktları da təsadüfi deyildir. F.b., bir qayda olaraq, izah etdiyi feildən həmişə əvvəl gəlir və çox vaxt cümlənin zərfliyi, bəzi hallarda isə üslubun tələbinə görə cümlənin qeyri-müstəqil həmcins xəbəri olur.
Əd.: H ü s e y n z a d ə M. Müasir Azərbaycan dili. Morfologiya. B., 2007.