FELİNQ REAKTİVİ, f e l i n q m a y e s i – 10%-li NaOH mәhlulunda CuSO4 vә kalium-natrium tartratın mәhlulu; reduksiyaedicilәr, әsasәn, aldehid vә monosaxaridlәr üçün reaktiv. Bilavasitә tәtbiq edilmәsindәn әvvәl hazırlanır. Reaksiya 0,5 ml vә yaxud 0,25−0,5 q tәdqiq olunan maddәyә 10 ml F.r. әlavә olunması ilә aparılır. Uçucu olmayan birlәşmәlәrin analizindә qarışıq dәrhal qızdırılır, uçucu birlәşmәlәrin analazindә isә o әvvәlcәdәn otaq temp-ru şәraitindә saxlanılır. Reduksiyaedicilәrin iştirakı ilә qızdırıldıqdan sonra mis(I)oksid vә ya hidroksid çökür. Çöküntünün rәngi sarıdan qırmızıyadәk, bәzәn disperslik dәrәcәsindәn vә onun hissәciklәrinin ölçüsündәn asılı olaraq yaşıl rәngdә olur.
Ketozalar (qәlәvi mühitdә aldozalara asan izomerlәşir), çoxatomlu fenollar, fenilhidrazin vә hidrazinin digәr üzvi törәmәlәri, elәcә dә karbon turşularının hidrazidlәri analoji olaraq reaksiyaya girir. Ketonlar (ketospirtlәr istisna olmaqla), biratomlu fenol vә aromatik aldehidlәrin әksәriyyәti F.r.-ni reduksiya etmir. Karbohidratların tәyin edilmәsindә bәzәn tәrkibindә NaOH-ın әvәzinә Na2CO3 olan neytral F.r. adlanan maddәdәn istifadә olunur.
Aromatik hidrazinlәrin F.r. ilә qarşılıqlı tәsirindәn qaz halında N2 ayrılır; onların müәyyәn edilmәsindә tәtbiq olunan müxtәlif hәcmi metodlar buna әsaslanır. F.r., hәmçinin reduksiyaedici şәkәrin miqdari tәyinindә istifadә olunur. Alifatik aldehidlәrin tәyin edilmәsindә çox vaxt daha hәssas olan Benedikt reaktivindәn (tәrkibindә CuSO4, natrium-sitrat vә Na2CO3 vardır) istifadә olunur. F.r. 1849 ildә G.Felinq tәrәfindәn tәklif edilmişdir.