FELLİNİ Federiko (20.1.1920, Rimini – 31.10.1993, Roma; Riminidə dəfn olunmuşdur) – italyan kinorejissoru. C.Mazinanın əri. Kommivoyajör ailəsində doğulmuşdur. 1938 ildən Romada yaşamış, varyete üçün mətnlər yazmışdır. Antifaşist yumoristik "Mark Avreli" jurnalı ilə əməkdaşlıq etmişdir. R.Rosselininin neorealist "Roma açıq şəhərdir" (1945) və "Payza" (1946) filmlərinin ssenarisinin həmmüəllifi olmuşdur. 1950 ildə (A,Lattuada ilə birgə) "Varyetenin işıqları", 1952 idə "Ağ şeyx" filmlərini çəkmişdir. Rej.-a ilk müvəffəqiyyəti "Ana uşaqları" filmi gətirmişdir (1953, Venesiya Beynəlxalq kinofestivalının mükafatı). F. və Mazinanın ( baş rolların ifaçısı) yaradıcılıq zirvəsi sayılan "Yol" (1954, Venesiya Beynəlxalq kinofestivalının mükafatı, "Oskar" mükafatı) və "Kabiriyanın gecələri" (1957 Kann Beynəlxalq kinofestivalının mükafatı, "Oskar" mükafatı) filmlərində rej.-neorealizm prinsiplərinə qismən sadiq qalmaqla, onun sosial proqramından uzaqlaşmış, pritça, dini məna axtarışlarına üz tutmuşdur. "Ləzzətli həyat" filmi (1959, Kann Beynəlxalq kinofestivalının mükafatı) müharibədənsonrakı İtaliya gerçəkliklərini əks etdirir. "Səkkiz yarım" filmi (1963, Moskva Beynəlxalq kinofestivalının mükafatı, "Oskar" mükafatı) avtobioqrafik əsərdir. "Barokko" üslublu "Cülyetta və ruhlar" (1965) filmində dekadans mövzusu ön plana çəkilmişdir. "Fellini satirikonu" (1969) Roma imperiyasının süqutu dövrünü canlandıran möhtəşəm misteriyadır. "Roma" (1972) filmində əbədi şəhər tərənnüm edilir. F. "Amarkord" (1973, "Oskar" mükafatı) filmindən başlayaraq, T.Querra ilə əməkdaşlıq etmişdir. "Fellininin Kazanovası" (1976) filmi rej.-un "barokko" üslubunun mükəmməl təcəssümüdür. Digər filmləri: "Orkestrin məşqi" (1979; N.Roto ilə son birgə işi), "Qadınlar şəhəri" (1980), "Və gəmi üzür..." (1983), "Cincer və Fred" (1986). 1987 ildə "Müsahibə" adlı yarımsənədli film (Moskva Beynəlxalq kinofestivalının mükafatı) ekranlara çıxmışdır. Son işi olan "Ay səsləri" filmində (1990) dünyanın mənzərəsi fağır dəlinin nəzəri ilə təqdim edilir. Filmlərinin ssenarilərinin müəllifi və həmmüəllifi olmuşdur. Kino sənəti sahəsində xidmətlərinə görə Venesiya Beynəlxalq konofestivalının mükafatına (1985) və "Oskar"a (1993) layiq görülmüşdür.
Ə s ə r l ə r i: Делать фильм. М., 1984; Феллини о Феллини: Интервью. Сценарии. М., 1988; The book of dreams. N. Y., 2008.
Əd.; Костантини К. Ф. Феллини. М., 2008.
“Lәzzәtli hәyat” filmindәn kadr (Rej. F.Fellini).