FELYETON (fr. feuilleton, feuille – vərəq) – bədii-publisistik ədəbiyyat və qəzet-jurnal janrı. Həm nəsr, həm də şeirlə yazılır. Təsvir obyektinə kəskin tənqidi münasibət, aktual ictimai-siyasi məzmun, həyat faktlarının konkretliyi, satira və yumor F.-nun səciyyəvi cəhətləridir. İlk nümunələri Fransada 1800 ildə meydana gəlmişdir. "Journal des debats" Paris qəzetinə ilk dəfə artırılmış əlavə vərəqdə (la fekille) müxtəlif elanlar, resenziyalar və s. çap olunurdu. Böyük Fransa inqilabı dövründə sosial-siyai F. (H.Heyne, F.Y.Börne, G.Veyert, F.Freyliqrat) yarandı. Dövri mətbuatda mütəmadi olaraq hər nömrədə roman-felyetonlar "Paris sirləri", E.Sü; "Üç muşketyor", A.Düma və s.) çap olunurdu. Azərb. ədəbiyyatında F. janrı 20 əsrin əvvəllərində, "Molla Nəsrəddin" jurnalının fəaliyyəti sayəsində inkişaf etməyə başlamış və sürətlə yayılmışdır. Həmin dövrdə F.-un ən yaxşı nümunələrini nəsrdə C.Məmmədquluzadə, N.Nərimanov, Ə.Haqverdiyev, şeirdə M.Ə.Sabir, Ə.Nəzmi, M.Möcüz və b. yaratmışlar. Sonrakı dövrlərdə S. Rəhman, S.Qədirzadə, S.Dağlı və b. bu janra müraciət etmişlər.