FENOLOGİYA (yun. φαινόμενα – hadisә + ... logiya) – canlı tәbiәtdәki mövsümi hadisәlәr haqqında elm. F.-nın banisi 1735 ildә bitkilәrin mövsümi inkişafının müxtәlif meteoroloji amillәrdәn asılılığını müәyyәnlәşdirmiş R.Reomyur olmuşdur.1748 ildә K.Linney fenoloji müşahidә mәntәqәlәri şәbәkәsinin yaradılmasını tәklif etmişdir. Bitkilәrdә fenoloji tәdqiqatlar (fitofenologiya) zamanı tumurcuqların şişmәsi vә açılması, çiçәklәmәnin başlanması vә qurtarması, meyvәlәrin vә toxumların tam yetişmәsi, yarpaqların әlvan rәngә boyanması, xәzan, heyvanlarda (zoofenologiya) qış yuxusundan oyanma, cütlәşmәnin (hövrәyәgәlmә) başlanması, körpә heyvanların doğulması, puplardan yetkin cücülәrin çıxması vә s. kimi mövsümi fazaların (fenofazalar) başlanması qeyd olunur. Adәtәn, bitkilәr üzәrindә fenoloji müşahidәlәr xüsusi ayrılmış yerlәrdә aparılır. Bu zaman vizual miqdari (mәs., ot kütlәsinin bitmә uçotu) vә inteqral (bu vә ya digәr fenofazaya keçәn bitki faizinin hesablanması) metodlardan istifadә edilir. İllik müşahidә mәlumatları fenoloji spektrlәr, yәni bitki, heyvan vә onların qruplarının mövsümi inkişafı qrafik tәsvirlәr şәklindә tәrtib olunur. Müәyyәn mәrhәlәdә müxtәlif fenofazaların başlanmasının orta çoxillik müddәtlәri mәlumat cәdvәllәri vә qrafik-sxem şәklindә Tәbiәt tәqvimindә verilir. Qoruqlarda aparılan fenoloji müşahidәlәr “Tәbiәt salnamәsi”nә daxil edilir. Bu vә ya digәr fenofazanın başlanması müddәtlәrinin fәza dinamikası çox vaxt kompleks vә ya xüsusi coğrafiya atlaslarında yerlәşdirilәn fenoloji xәritәlәrdә tәsvir olunur. F. mәlumatlarından әkin (sәpin) vә yığım işlәrinin optimal müddәtlәrinin müәyyәn edilmәsindә, arıxanalar üçün balverәn bitkilәrin yığılması zamanı, yaşıllıq tәsәrrüfatları üçün ağac cinslәri seçilmәsindә, yanğın tәhlükәsi (mәs., meşә üçün) gözlәnilәn dövrlәrin müәyyәn edilmәsindә istifadә edilir.