FENÓMEN (yun. φαινόμενον – hadisә sözündәn) – geniş mәna çalarlarına malik fәlsәfi termin. Bәzәn “hadisә” sözünün sinonimi kimi işlәnir. Platon hesab edirdi ki, reallığın zәif vә qeyri-sabit forması olan F. әşyanın mahiyyәtinә qarşıdır. İ.Kant F.-lә dәrkolunmaz “özündә şey”i bir-birindәn ayırırdı. Bu yanaşma sonradan bir qәdәr başqa şәkildә fenomenalizmdә әksini tapmışdır (C.Berkli, C.S.Mill, elәcә dә E.Max, R.Karnap vә b.). F. Brentano elmi tәdqiqat obyekti ola bilәcәk hәr bir şeyi F. adlandırır, “psixi” vә “fiziki” F.-lәri fәrqlәndirәrәk daha çox psixi F.-lәrә әhәmiyyәt verirdi. “F.” anlayışını әn geniş şәkildә E.Husserl işlәmişdir. O, tәbiiliyә, elәcә dә real fәrdin yaşantılarının “psixi faktlar” kimi dәrkinә qarşı “xalis F.-lәr”i qoyurdu. Husserlin xalis F.-lәri adi şüurun onlara şamil etdiyi hәr cür xarakteristikadan tәmizlәnmiş F.-lәrdir. F. şüurda seçilib ayrıla bilinәnin әsas, tam vә sәhih vahidi kimi çıxış edir. “F.” termininin sonrakı tarixi onu şüur sferasına bağlamaqdan qaçmaq cәhdlәri ilә sәciyyәlәnir (M.Şeler, M.Haydegger). F.-i “özünü özündә göstәrәn” kimi şәrh edәn Haydegger belә bir “göstәrmә”nin mümkünlüyünü nitqlә bağlayaraq F.-ә “özünü gizlәtmә” bacarığını aid edir ki, bu da F.-ә “gizlәtmә tarixi” kimi zaman ölçüsünü tәtbiq etmәyә imkan verir; “gizlәtmә tarixi” artıq şüurun zamanlılığına deyil, insanın dünyadakı varlığının “temporallığına” (әzәli müvәqqәtiliyinә) әsaslanır. Hәm Husserlin, hәm dә Haydeggerin fәlsәfi mühakimәlәrindә “hadisә” (Erscheinung) deyil, mәhz F. başlıca kateqoriyalardan biri kimi çıxış edir.