FENOMENOLOJİ SOSİOLOGİYA – 20 әsrin ortaları vә 2-ci yarısında sosiologiyada aparıcı cәrәyanlardan biri (bәzәn “sosial fenomenologiya” da adlandırılır). F.s.-nın meydana gәlmәsi E.Husserlin fenomenologiyasının bir sıra ideyasını (“tәbii mәqsәd”, intersubyektivlik vә s. anlayışlar) sosioloji tәhlilә tәtbiq etmiş A.Şütsün adı ilә bağlıdır. Şütsә görә, sosial reallıq “sosiomәdәni dünya daxilindә gündәlik hәyatlarını yaşayan vә müxtәlif interaksiya münasibәtlәrindә olan insanların adi şüurunun tәcrübәsi kimi obyekt vә hadisәlәrin mәcmusudur”. “İntersubyektiv şәkildә bölünәn” fәrdlәr üçün dünyada oriyentir rolunu oynayan biliklәr qarşılıqlı әlaqәlәr iştirakçıları arasında anlaşmanın zәruri sәviyyәsini tәmin edir, onların davranışlarını prinsipial olaraq qabaqcadan müәyyәnlәşdirilәn vә uzlaşan şәklә salır, sosial nizamın tәkrar istehsalını mümkün edir. İnsanların öz-özlüyündә tәbii hesab etdiyi belә biliklәrin çoxu tәcrübi vә әtalәtli xarakter daşıyır. Şüts hesab edirdi ki, F.s.-nın başlıca vәzifәsi sosial hәyatı tipik vә nizamlanmış formalarında mәna cәhәtdәn müәyyәnlәşdirәn mexanizmlәri üzә çıxarmaqdır.
A.Şüts tәrәfindәn irәli sürülәn adilik konsepsiyası P.Berger vә T.Lukmanın sosioloji konstruktivizmi üçün tәmәl nöqtәsi idi. İnsanların qarşılıqlı әlaqәsinin mәhsulu kimi sosial tәşkilatlanma formalarını metodoloji fәrdiyyәtçilik mövqeyindәn öyrәnәn Berger vә Lukman eyni zamanda insan davranışlarının qaçılmaz әtalәtliliyini vә bununla әlaqәdar sosial strukturların, institutların vә rolların eksternalizasiyasını vә reifikasiyasını da qeyd edirdilәr.
F.s.-nın nәzәri müddәaları 20 әsrin 2-ci yarısında sosiologiyanın müxtәlif cәrәyanlarında, әsasәn ABŞ-da daha da inkişaf etmişdir [H.Qarfinkelin etnometodologiyasında, A.Sikurelin “koqnitiv sosiologiya”sında, gündәlik nitq ünsiyyәtinin sosial mexanizmlәrini öyrәnәn “konversasiya tәhlili”ndә (ing. conversation – danışıq sözündәn) (X.Saks, E.Şeqloff) vә s.].